İrəvandan həyəcanlı xəbərlər gəlir – Bakını narahat edən məqam

Qazaxın 4 qeyri-anklav kəndinin Azərbaycana qaytarılmasından sonra Ermənistanda etiraz və narazılıqlar artıb. Bir neçə gündür davam edən kiçikçaplı aksiyalar sosial şəbəkələrin erməni seqmentində geniş şəkildə müzakirə edilir.

Ermənistanın qarışması, aksiya keçirilməsi Bakıda sülh prosesinin pozulması baxımdan həyəcan, narahatlıq yaradırmı? Bu aksiyalar planlı şəkildə təşkil edilib, yoxsa təbii etirazdır?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Qazaxın 4 kəndinin Azərbaycana bir güllə belə atılmadan qaytarılmasından sonra Ermənistanda baş verən etirazlar başadüşüləndir:

“Bu aksiyalar gözlənilirdi. Nəzərə almaq lazımdır ki, Ermənistanda hələ də ciddi bir revanşist əhval-ruhiyyə var. Mövcud vəziyyəti qəbul edə bilməyən insanlar bu gün etiraz səsini çıxarır, reallıqdan uzaq tələblər irəli sürürlər.

Ümumiyyətlə, son zamanlar Ermənistan müxalifəti, revanşist qüvvələr aktivləşib və onları mövcud vəziyyətdən Paşinyan hakimiyyətinə təzyiq etmək üçün istifadə etmək istəyirlər. Artıq məsələyə erməni kilsəsi, lobbi və diaspor da qarışıb. Tovuzqala kilsəsinin keşişi hazırda bu prosesə öncülük edir”.

O.Qasımov deyib ki, rəsmi Bakı Ermənistanda baş verən prosesləri incələyir və əslində nələrin baş verəcəyini öncədən bilirdi:

“Mövcud vəziyyət əleyhimizə deyil və narahatlığa ehtiyac yoxdur. Çünki bu tipli aksiyalar əvvəllər də olub və elə də ciddi nəticəsi doğurmayıb. Yəni aksiyalar zamanla səngiyəcək. Biz əsas problemi həll etmişik. Ermənistan hakimiyyəti ilə danışıqlar gedir.

O ki qaldı aksiyaların xaricdən dəstək almasına, bu, mümkündür. Ümumiyyətlə, hazırkı sülh prosesindən narazı olan İrəvan və Bakını təbrik etməyən ölkələri görmək olar. Başda Fransa olmaqla bir sıra ölkələr Ermənistanı yeni gərginliyə sövq etmək istəyir. Bunun üçün isə daxili auditoriyanı qızışdırır”.

Turan Rzayev
Globalinfo.az