Ermənistanla sülhün bir addımlığında: İrəvana kənar müdaxilələr olmasa…

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı qeyd edib ki, “Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik”.

Ötən ay baş verən kiçikçaplı sərhəd təxribatlarına baxmayaraq, Bakı və İrəvan arasında rəsmi və qeyri-rəsmi səviyyədə danışıqlar davam edirdi. Ən əsası sərhəd komissiyalarının görüşü keçirilir, mübahisəli məsələlərə dair müzakirələr aparılırdı.

Maraqlıdır, sülh müqaviləsi nə vaxt imzalanacaq? Hazırda bu istiqamətdə proses nə yerdədir? Prezidentin qeyd etdiyi “Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq” sözləri nədən xəbər verir?

Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Azərbaycan ilə Ermənistanın sülh müqaviləsi gündəliyi üzrə mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşdırmasının müsbət nəticələrini görməkdəyik:

“Bu nəticələr bir müddət əvvələ qədər şifahi bəyanatlar ilə gündəmə gəlirdisə, artıq praktiki bir presedentin şahidi oluruq. Söhbət Qazaxın 4 kəndinin qaytarılması və delimitasiya prosesi fonunda sərhəd nişanlarının quraşdırılmasından gedir.

Bu, gələcəkdə sərhədlərin digər istiqamətlər üzrə delimitasiya prosesinə müsbət presedent yarada bilər”, – deyə siyasi ekspert bildirib.

Aqşin Kərimov bununla belə hesab edir ki, Azərbaycan-Ermənistan sülh qarşılıqlı anlaşmanın əlamətləri həddən artıq görünsə də, bəzi məsələlər açıq qalır.

“Diqqəti iki məsələyə yönəltməyə çalışaq. Azərbaycan tələb edir ki, Ermənistanın Konstitusiyasındakı ərazi iddiaları məsələləri aradan qalxsın. İkincisi, Ermənistan işğalçılıq siyasətindən əl çəkməsini rəsmiləşdirən addım atsın. Ancaq hələlik bunlar baş verməyib. Bu iki məsələ ölkələr arasında gələcəkdə sülh müqaviləsi üzrə aparılan danışıqlarda gərgin xətti təşkil edə bilər. Düşünürəm ki, Bakı bu məsələ ilə bağlı öz şərt və təkliflərini daha da gücləndirəcək”, – ekspert şərh edib.

Siyasi şərhçi Azərbaycanın Zəngəzur dəhlizi layihəsi üzrə şərtlərini davam etdirəcəyini də düşünür.

“Düzdür, cənab Prezidentin çıxışında Zəngəzur dəhlizi ilə bağlı bir qədər fərqli fon göründü. Məncə, bu, məqsədli bir yanaşma idi. Çünki nəticə olaraq rəsmi Bakı dəhliz layihəsini masada saxlayır. Sadəcə olaraq Ermənistanın Azərbaycanın tələbləri qarşısında müsbət addımlar atması Bakının ritorikasında gedişlərə də təsir edir.

Azərbaycan indi diplomatik, siyasi etiketlərlə sülh müqaviləsi gündəliyində əldə edəcəyi nəticələri açıqlayır. Hesab edirəm, iki ölkə arasında insident olmasa, siyasi bəyanatlarda qarşılıqlı ittihamlar özünü göstərməsə, İrəvana kənar müdaxilələr olmasa, sülh gündəliyi üzrə böyük nailiyyətlər əldə ediləcək”.

Turan Rzayev
Globalinfo.az