Rusiya Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytarır? – Kremlin mesajının şifrələri

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, “Rusiya Zaqafqaziya üzrə Cenevrə müzakirələrinin başqa ölkəyə ötürülməsi məsələsini gündəmə gətirib”. O, İsveçrənin beynəlxalq məsələlərdə vasitəçi kimi etibarını itirdiyini bildirib.

Qeyd edək ki, Zaqafqaziya üzrə Cenevrə müzakirələri Abxaziya və Cənubi Osetiya arasında Gürcüstanla birbaşa dialoqa imkan verən beynəlxalq platformadır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Abxaziya və Osetiya illərdir işğal altındadır:

“Rusiya vaxtilə Azərbaycanda etdiyi kimi Gürcüstanda da separatçı bölgə yaradıb. Beləliklə, regionda təsir imkanlarını saxlayıb. Bu, Kremlin çoxillik siyasətidir.

Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal altında saxlamaq üçün əlindən gələni edəcək, amma beynəlxalq və regional siyasi konyuktura artıq dəyişir. Bu, Rusiyanın bəzi məsələlərdə güzəştə getməsinə səbəb ola bilər”.

Siyasi şərhçi qeyd edib ki, işğal faktoru Rusiya ilə Gürcüstan arasında münasibətlərin inkişafına mane olur:

“Bu, həmçinin Türkiyə və Azərbaycanın təşəbbüskarı olduğu “altılıq platforması”nın təşkili üçün də əsas əngəldir. Ankara və Bakı Moskva ilə Tbilisi arasında əsas vasitəçilik rolunu oynaya bilən oyunçulardır. Bu mənada xüsusilə Türkiyənin Rusiyadan işğal faktorunu aradan qaldırmasını istəməsi mümkündür. Türkiyə və Rusiya liderləri arasındakı münasibətlər də buna imkan verir”.

İkincisi, rəsmi Tbilisi Avropa İttifaqına üzv olmaqda israrlıdır. Bu, Rusiyanı narahat edir. Ona görə də, ola bilsin, Moskva daha tez tərpənib Gürcüstanla münasibətləri həll etmək istəyir.

Üçüncüsü, istisna deyil ki, gələcəkdə Qərb Gürcüstanda Ukrayna ssenarisini təkrarlasın. Bunun üçün Gürcüstana eynilə Ukrayna kimi NATO-ya üzvlük vədinin verilməsi istisna deyil. Mümkündür ki, Rusiya bu təhlükəli ssenarinin qarşısını almaq istəyir”.

K.Novruzovun sözlərinə görə, Rusiya artıq əvvəlki mövqeyində deyil:

“Kreml nüfuz və təsir imkanlarını getdikcə itirir. Belə bir vaxtda Moskva region dövlətləri ilə münasibətlərini yaxşılaşdırmalıdır ki, Qərbin əlinə “kozır” verməsin.

Amma M.Zaxarovanın dedikləri hələ o demək deyil ki, Rusiya işğal altındakı torpaqları Gürcüstana qaytarır və ya buna hazırlaşır. Hansısa danışıqlara başlaya bilər, amma proses uzun çəkəcək. Rusiyanın bu gün başqa, sabah başqa söz deməsi gözləniləndir”.

Turan Rzayev
Globalinfo.az