“Regionların sürətli inkişafı üçün qətiyyətli addımlar atılmalıdır” – Sabiq nazirdən mühüm təkliflər

Bu gün Azərbaycan davamlı inkişafda olan ölkələrdəndir. Bu inkişaf təkcə paytaxt Bakının deyil, həm də regionlarımızın hesabına baş verir. Regionlardakı vəziyyət əvvəlki illərlə müqayisədə tamamilə fərqlidir. Maraqlıdır, regionlarda sosial-iqtisadi inkişafın təşviq edilməsi üçün daha hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, hökumət son illərdə bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı bir çox proqramlar çərçivəsində ciddi layihələrin reallaşdırılmasına nail olub.

O, bildirib ki, regionlarımızın görkəmini 20 il bundan öncə ilə müqayisə edə bilmərik:

Fikrət Yusifov

“Lakin bu gün regionlarımızın digər bir istiqamətdə sürətli inkişaf etdirilməsi üçün qətiyyətli addımların atılmasının zamanı çatıb. İndi biz dövlətimiz və xalqımız üçün Qarabağ kimi mühüm bir problemin həllindən sonra Qarabağın bərpası ilə yanaşı digər regionların da sürətli iqtisadi inkişafı istiqamətində ciddi addımlar atmalıyıq. Regionlarda kiçik və orta biznesin inkişaf etdirilməsi məqsədilə investisiyaların cəlb edilməsi, yeni istehsal və emal müəssisələrinin qurulması yerlərdə işsizlik probleminin həllinə və həmin ərazilərdə büdcə gəlirlərinin artırılmasına gətirib çıxaracaq”.

Alim bu gün regionlardan Bakı və onun ətrafındakı yaşayış məntəqələrinə gələn insan axınının səbəbi haqda danışıb:

“Bu, ilk növbədə onunla bağlıdır ki, insanlar regionlarda iş yerləri tapa bilmirlər. Regionlardan Bakıya və onun ətraf yaşayış məntəqələrinə iş axtarmaq üçün gəlmiş insanlar arasında apardığımız çoxsaylı sorğular bir daha sübut edir ki, insanlar Abşeron yarımadasına ilk növbədə iş axtarmaq məqsədilə gəlirlər. Bu, ciddi və ölkəmiz üçün qlobal bir problemdir. Bəs insanlar nədən yaşadıqları regionlarda iş yerləri tapa bilmirlər? Bu məsələni bir qədər geniş müstəvidə təhlil etsək, problemin kökünü tam aydınlaşdırmış olarıq.

Azərbaycanın regionları üzrə ölkənin Ümumi Daxili Məhsulu və Dövlət büdcəsi necə formalaşır? Ölkə iqtisadiyyatının ortalama 90 faizi Abşeron yarımadasının payına düşür. Baxın, 2024-cü ilin dövlət büdcəsinin 34 milyard 173 milyon manat gəlirlərinin 773,1 milyon manatı və ya 2,3 faizi yerli gəlirlər hesabına formalaşacaq. Eyni qayda ilə növbəti ildə dövlət büdcəsinin 36 milyard 763 milyon manat xərclərinin 782,5 milyon manatını və ya 2,2%-ni yerli xərclər təşkil edəcək. Dövlət büdcəsinin gəlir və xərclərinin ölkə ərazisi üzrə formalaşmış bu mənzərəsi, “regionlarda nədən iş yerləri azdır” kimi suala gerçək cavabdır”.

F.Yusifov ölkə iqtisadiyyatının və dövlət büdcəsinin ərazi yükünün optimallaşdırılması üçün hökumətin atmalı olduğu addım haqda fikirlərini bölüşüb:

Regionların sosial-iqtisadi inkişafının əhəmiyyəti böyükdür

“Problemin həllinin ən mühüm yolu ilk növbədə ölkə iqtisadiyyatının onurğa sütununu təşkil etməli olan kiçik və orta biznesin maliyyə əlçatanlığının təmin edilməsindən keçir. Bu gün sahibkar biznes məqsədləri üçün vəsait əldə edə bilmir və ya onun əldə etdiyi bahalı kreditlər hər-hansı bir layihəni normal şəkildə reallaşdırmağa imkan vermir. Bankdan 15-18 faizlə götürülən kreditlər, orta rentabelliyi ən yaxşı halda 10-12 faiz olan istehsal və ya emal müəssisəsi qurmaq üçün yetərli ola bilməz. İllik 134 milyard manat Ümumi Daxili Məhsulu (ÜDM) istehsal etdiyimiz halda, iqtisadiyyatın onurğa sütununu təşkil edən kiçik və orta biznes üçün ayrılan bir neçə yüz milyon manat güzəştli kredit yetərli ola bilməz. Bu gün dövlətimiz özünün ÜDM-dan çox olan valyuta ehtiyatlarına sahibdir. Biz bu ehtiyatların bir hissəsini regionlarda istehsal və emal müəssisələri quracaq biznes layihələrə güzəştli və uzunmüddətli kreditlər şəklində istifadə edə bilərik və bu zaman qurulan müəssisələrin böyük əksəriyyətinin dövlət-sahibkar modeli ilə yaradılmaq mümkündür.

Sahibkar hər hansı bir layihəyə imkanları çərçivəsində öz şəxsi vəsaitini ayırır, vəsaitin çatışmayan hissəsini isə uzunmüddətli və simvolik sayılan faizlərlə dövlətə yatırır. Sahibkarla dövlətin qurduğu bu müəssisə fəaliyyətə başlayıb, mənfəət gətirdikdən sonra, dövlət uzunmüddətli və güzəştli kredit şəkilində qoyduğu payını tədricən çıxarır və bu proses başa çatdıqdan sonra müəssisə sahibkarın tam mülkiyyətinə çevrilir. Belə müəssisələrin yaradılması riskləri də minimum səviyyədə olacaq. Çünki burada layihənin reallığı dövlət tərəfindən ciddi şəkildə araşdırılacaq. Belə müəssisələrin qurulduğu ərazilər yeni iş yerləri, yerli büdcələr isə yeni gəlir mənbələri əldə etmiş olacaqlar. Bir sözlə, bu tip layihələrin reallaşmasından həm dövlət, həm sahibkar və həm də region qazanmış olacaq. Bu yolla iqtisadiyyatımızın və büdcəmizin formalaşmasında mövcud olan bugünkü mənzərəni zaman-zaman dəyişdirmək mümkün olar”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

Zaira Akifqızı
Globalinfo.az