2050-ci ildə Bakı əhalisi rekord həddə çatacaq: Paytaxtın köçürülməsi aktuallaşır

Az qala hər kəs Bakıdan şikayət edir, rayona, kəndə köçməyin faydalarından danışır. “Tıxaclar, çirkli hava ömrümüzü yedi. Heyf deyil rayon. Buralardan kəndə köçməyin vaxtıdır” və s. kimi statuslar yazanların sayı çoxalır. Amma kimsə doğulduğu rayona, kəndə köçmür və ya köçmək istəmir.

Bəs görəsən, böyük şəhərlərdən regionlara köç məsələsi nə zaman reallaşacaq?

Qarabağa köçün başlaması, Böyük qayıdış proqramının icrası başqa regionlara da köçü stimullaşdıra bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, urbanizasiya daha yaxşı iş və daha yaxşı yaşayış şəraiti axtarışında kənd yerlərindən insanların şəhərlərə köçməsi nəticəsində baş verən bir prossesdir.

Sabiq nazirin sözlərinə görə, şəhərlər sürətlə dəyişən qlobal iqtisadiyyatın mərkəzinə çevrilir və bununla da onlar qlobal iqtisadi artımın əsas məkanı kimi cəlbedici olurlar:

Fikrət Yusifov

“Bütün dünyada şəhərlər böyüyür. Çünki insanlar iş, daha yaxşı həyat şəraiti və uşaqları üçün gözəl gələcək axtarmaq üçün kənd yerlərindən şəhərlərə köçməkdə qərarlı olurlar. Son 200 ildən artıq bir zaman kəsiyində şəhər və kənd əhalisinin strukturunun necə dəyişdiyinə nəzər salsaq, bu gerçəklərin tarixən necə baş verdiyini daha aydın təsəvvür edə bilərik. Beləliklə, 1880-cü ildə dünya əhalisinin cəmi 3,0 faizi şəhərlərdə yaşasa da, bu rəqəm 100 il sonra, yəni 1900-cü ildə 13,6 faiz, 2000-ci ildə 47,4 faizə çatmışdı. Nəhayət, 2020-ci ildə dünyada şəhər əhalisinin xüsusi çəkisi 55,7 faizə çatdı. Bu mənzərə qoyulan sualla bağlı bizə çox mətləbləri aydınlaşdırır. Gələcək proqnozlar da dünyada şəhər əhalisinin xüsusi çəkisinin bundan sonra da artacağına işarə edir. Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə 2050-ci ildə dünya əhalisinin 2/3 hissəsi – yəni hardasa 66 faizi şəhərlərdə yaşayacaqdır”.

İqtisadçı deyib ki, şəhər əhalisinin xüsusi çəkisi daha çox inkişaf etmiş ölkələrdədir:

“Lakin bu sırada inkişaf etməkdə olan ölkələr də az deyil. Qətərdə, Sinqapurda əhalinin 100 faizi, Belçikada 98, Uruqvayda 95, Yaponiya, Hollandiya, İsrail və Argentinada 92 faizi şəhərlərdə yaşayır. Şəhər əhalisinin xüsusi çəkisinin daha az olduğu ölkələr isə bir qayda olaraq zəif inkişaf etmiş ölkələrdir. Məsələn, Əfqanıstanda şəhər əhalisinin xüsusi çəkisi 26 faiz, Uqandada 24, Efiopiyada 21, Burundidə 13 faiz təşkil edir. Şəhər əhalisinin xüsusi çəkisinin qlobal mənzərəsi isə belədir: Şimali Amerikada əhalinin 82 faizi, Latın Amerikasında 79, Avropada 75, Avstraliyada 68, Asiyada 51, Afrikada isə 43 faizi şəhərlərdə yaşayır. Hesab edirəm ki, gətirdiyimiz bu faktlarla Azərbaycanda da şəhər əhalisinin xüsusi çəkisinin nədən artması sualına müəyyən aydınlıq gətirə bildik”.

Fikrət Yusifov bildirib ki, dedikləri heç də Bakı şəhərində yaranmış sıxlığa bəraət qazandırmaq anlamına gəlməməlidir:

“Bakı şəhərində illərlə yaranmış bu durumun aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac var. Bu sırada bir qədər öncə təsdiq edilmiş Bakı şəhərinin Baş planı diqqəti cəlb edir. Həmin Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. Lakin hesab etmirəm ki, planın ən yüksək səviyyədə icrası belə Bakı şəhərində yaranmış sıxlığın aradan qaldırılmasını təmin edə biləcək. Çünki Bakı şəhərində son 30 ildə yeni binaların tikintisi sahəsində o qədər ciddi pozuntulara yol verilib ki, bunun hər hansı bir proqramla nizamlana bilməsi inandırıcı görünmür. Bir-birinə bitişik tikilmiş, hündürlüyü şəhərin reallıqlarına cavab verməyən yüzlərlə binanın yaratdığı sıxlığı necə aradan qaldırmaq mümkün olacaq? Bunun bir yolu var – o da həmin binaların sökülməsindən keçir. Lakin belə bir yanaşım da real görünmür. Bu, milyardlarla manat əlavə xərclər demək olardı”.

Sabiq nazir paytaxtın köçürülməsi məsələsinə də toxunub:

“Bütün dediklərimizi nəzərə alıb, Bakının yükünü azaltmaq üçün hər kəsdən daha öncə səsləndirdiyim bir fikrin üzərinə qayıdıram. Paytaxtımızı yeni şəhərsalma qaydalarına uyğun tikilməyə başlayan Ağdam şəhərinə köçürtmək kimi bir addım atılarsa, o halda Bakı şəhərinin yaxın 20 ildə bu sıxlıqdan qurtuluşu baş verə bilər”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Zaira Akifqızı
Globalinfo.az