Sabiq nazir: “Ermənilərin başımıza gətirdikləri müsibətləri unutsaq, vay halımıza”

Ermənistanla Azərbaycan arasında ticarət, gediş-gəliş haqda danışılır. Hər iki ölkə rəsmiləri maraqlı açıqlamalar verir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın “Azərbaycandan qaz ala bilərik” açıqlaması, buna Bakıdan verilən isti reaksiya, eləcə də “Azadlıq Radiosu”nun reportajında sadə ermənilərin qarşılıqlı ticarət əlaqələrinə müsbət baxdıqlarını ifadə etmələri deməyə əsas verir ki, cəmiyyətlər və hökumətlər sülhdən yanadırlar, ermənilər də indən sonra müharibə istəmir.

Araya girən 32 illik qan düşmənçiliyi inteqrasiyaya və qarşılıqlı əlaqələrə hansı həddə imkanlar verəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, nəhayət ki, biz ermənilərin ağıllarının başlarına geri dönüşünün şahidi oluruq:

“Bu, yaxşı haldır. Bunların tarixi reallıqları olduğu kimi dəyərləndirən bəzi intilligensiya nümayəndələri və xüsusilə də bu sırada olan tarixçilər son zamanlar davamlı çıxışlar edərək, erməniləri onlar üçün quraşdırılmış nağıllara inanmaqdan əl çəkməyə çağırırlar. Açıq-aşkar deyirlər ki, bu nağılları quraşdıranlar bütün tarixi saxtalaşdırıblar. Tarixdə nə böyük Ermənistan olub, nə böyük Tiqran olub. Yalan üzərində qurulan hər şey gec-tez çökür.

Bu gün ermənilərin də yüz illər boyu özləri üçün yaratdıqları saxta tarix fiaskoya uğrayır. Yaxşı haldır ki, Ermənistanda və ondan kənarda olan ermənilərin bir çoxu bu reallıqları dəyərləndirməyə başlayıb. Diqqətçəkən isə budur ki, onlar, digər erməniləri də bu yalanlara inanmamağa səsləyirlər.

Fikrət Yusifov 

Ermənilər ağıllandılarmı? Bu, cavabı çətin olan bir sualdır. Görünən budur ki, ermənilər sadəcə olaraq İkinci Qarabağ savaşındakı ağır və biabırçı məğlubiyyətdən sonra yollarını dəyişdirməyə məcbur oldular. Əgər onlar bu məğlubiyyəti yaşamasaydılar, çətin ki, işğalçı mövqedən əl çəkərdilər. Erməni xisləti elə bir çirkabla yoğurulub ki, orada saflıq axtarmaq özü ağılsızlıq olar. Bunun belə olduğunu ermənilər tarixən bizə və Anadolu türklərinə dəfələrlə sübut ediblər”.

Ekspert deyib ki, indi gördüyümüz budur ki, ermənilər 30 ildən çox işğal altında saxladıqları kəndləri geri qaytarmağa, sərhədlərin delimitasiyasını aparmağa, Azərbaycanla iqtisadi əlaqələr qurmağa möhkəm həvəsləniblər:

“Özü də bunu sürətlə etmək istəyirlər ki, istər-istəməz düşünürsən ki, yəqin münasibətləri belə tələsik normallaşdırmaq istəyinin altında yeni bir erməni hiyləsi mövcuddur. Təki belə olmasın.
Ermənilər gec də olsa bu regionda yaşayıb, mövcud olmağın ən doğru yolunu seçdilər. Başqa alternativ də yoxdur. Başları daşa dəydikdən sonra anladılar ki, qonşu ölkənin torpaqlarını işğal altında saxlamaqla bu bölgədə yaşamaq mümkün olmayacaq. Belə yaşamın ən doğru yolu, qonşu ölkə ilə iqtisadi inteqrasiya yaratmaqdan keçir. Əks yol, bu regionu tərk edib getməkdir.
Azərbaycanla Ermənistan arasında hansı qarşıdurmanın olmasından, qanlı müharibələr nəticəsində nə qədər itkilərin verilməsindən asılı olmayaraq, hər iki ölkə bir-birinin qonşuluğunda yaşamağa məhkumdur. Biz tarixən tolerant bir ölkəyik. Başqa xalqlar bizim ölkəmizdə öz vətənlərində olduğundan daha yaxşı, daha rahat yaşayırlar. Biz başqa xalqlara gerçəkdən qucaq açmağı bacaran bir xalqıq. Ancaq ermənilərə tarix boyu açdığımız qucaq bizə həmişə acılar yaşadıb. Bu səbəbdən indi onlara yenidən qucaq açarkən yanlışlığa yol verməməliyik. Yəni ermənilərlə əməkdaşlıq etsək də onlara güvənməməliyik. Biz bu dəfə də erməniləri bağışlayıb, illər sonra onların bu 30 ildən artıq bir zamanda tarixdə sonuncu dəfə başımıza gətirdikləri müsibətləri unutsaq, onda vay bizim halımıza. Belə unutqanlıq olarsa, bir vaxt ayılıb görəcəyik ki, erməni xisləti yenə öz işini görüb”.

Turan Rzayev
Globalinfo.az