Şad xəbər: Bu şəxslərin pensiyası artırılacaq – AÇIQLAMA

Pensiya, sosial yardım, uşaqpulu və digər oxşar mövzular vaxtaşırı müzakirə edilir. Bu haqda xəbərlərə, yazılara, şərhlərə ictimai həssaslıq həddən artıq böyükdür.

Pensiya yaşının aşağı salınması haqda müzakirələr də maraqla qarşılanır. Bu da təbiidir – insanlar 60 yaşdan sonra dolanışıqlarının necə olacağını fikirləşirlər.

Müxtəlif vəzifə tutmuş şəxslərin nə qədər pensiya alması da ictimaiyyəti maraqlandırır. Sabiq deputatlar, nazirlər, komitə sədrləri, icra başçıları, polis rəisi olmuş şəxslər hazırda nə qədər pensiya alırlar?

Ümumiyyətlə, sıravi vətəndaşlarla keçmiş vəzifəli şəxslərin pensiyasının fərqi nə qədərdir?

Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, dünyanın ayrı-ayrı ölkələrində vətəndaşların pensiya təminatında fərqli yanaşmalar mövcuddur.

O, müxtəlif sahələrdə çalışmış işçilərin pensiya təminatının bir-birindən fərqləndiyini qeyd edib:

“Azərbaycan bu sırada istisna deyil. Bizdə dövlət qulluğunda çalışmış insanlarla sıravi işlərdə çalışan işçilərin pensiya məbləğlərində kəskin fərqlərin olduğunu görmək mümkündür. Bunun bəlli səbəbləri mövcuddur. Əmək pensiyaları haqqında qanunun 20.11.2. maddəsinə görə, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı iş stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə pensiya təyin olunur. Həmçinin deputat olmuş şəxsə yaşa görə pensiya onun orta aylıq əməkhaqqının 80 faizi məbləğində təyin edilir. Digər kateqoriyadan olan işçilər, məsələn, müəllimlər, həkimlər, mədəniyyət işçilərinə və digər sahələrdə çalışmış şəxslərə isə təqaüd, onların 2006-cı ildən sonra pensiya hesablarında yığılmış kapitalın həcminə və iş stajlarına uyğun təyin edilir”.

Sabiq nazir deyib ki, 2006-cı ildən bu günə qədər ötən 18 il müddətində adları çəkilən kateqoriyadan olan işçilərin pensiya hesabına yığılmış məbləğ əksər hallarda az olduğundan, bu kateqoriyalardan olan vətəndaşlara təyin edilən təqaüdlərin də məbləği dövlət qulluğunda çalışmış və ya deputat olmuş şəxslərə təyin olunan təqaüddən kəskin fərqlənir:

“Lakin 2006-cı ildən etibarən yüksək əməkhaqqı almış və bununla da pensiya hesabında kifayət qədər vəsait toplanmış şəxslərə normal pensiya təyin olunur. Artıq bir xeyli vaxtdır ki, müxtəlif səviyyələrdə cəmiyyətimiz üçün vətəndaş tərbiyə edib, bilik verən müəllimlərin və insanlarımızın sağlamlığının keşiyində dayanan həkimlərin də dövlət qulluqçularına bərabər tutulması barədə təkliflər dolaşmaqdadır. Hesab edirəm, bu iki kateqoriyadan olan insanların cəmiyyətdəki rolu nəzərə alınmaqla onları dövlət qulluqçusu kateqoriyasına aid etmək həm yaxşı, həm də ədalətli olardı”.

Zaira Akifqızı
Globalinfo.az