Qərb mediasının Azərbaycan qərəzinin səbəbləri nədir? – Qulu Məhərrəmlinin şərhi

Bir sıra beynəlxalq media qurumları Qarabağ separatçılarının mövqeyini birtərəfli şəkildə işıqlandırır. Bu sırada BBC və “Azadlıq radiosu” xüsusi fərqlənir. Onlar qərəzli şəkildə yanlış məlumatlar yayırlar.

Həmin media qurumları bildirir ki, Xankəndi və ətraf ərazilərdə yaşatan erməni əhali “humanitar fəlakət” yaşayır. Burada jurnalistikanın əsas prinsiplərindən olan qərəzsizlik, obyektivlik ciddi şəkildə pozulub.

Qərb jurnalistika məktəbinin əsas tələbi, prinsipi tərəfsizlik, obyektivlikdir. Buna baxmayaraq bu prinsiplər ciddi şəkildə pozulur. 44 günlük müharibə dövründə də Avropa mediası Azərbaycana münasibətdə qərəzliliyi ilə yadda qalıb. Maraqlıdır, bunların arxasında hansı məqsədlər dayanır?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan media mütəxəssisi, professor Qulu Məhərrəmli baş verənləri izlədiyini və bunun yanlış olduğunu düşünür.

O bildirib ki, məsələ BMT-nin Təhlükəsizlik Şurasında müzakirə olunub və Azərbaycan faktlarla sübut edib ki, Xankəndidə heç bir humanitar fəlakət yoxdur:

“Bunlar hamısı təbliğatdır. Azərbaycan daha uğurlu addım ataraq, Ağdam istiqamətindən Xankəndiyə, Qırmızı Xaç Komitəsinin xətti ilə “ac” olduqlarını deyən ermənilər üçün 40 ton un göndərib.

Qaldı ki, BBC və Azadlıq Radiosu kimi nüfuzlu qurumların belə məlumatlar yaymasına, bunun səbəbi birbaşa mənbədən məlumatların alınması ilə bağlıdır. Əgər BBC və Azadlıq radiosu erməni tərəfin mövqeyini verirsə, mütləq Azərbaycan tərəfin də mövqeyini tamaşaçıya, dinləyiciyə təqdim etməlidir. Onlar bunu etmirsə, jurnalistikanın əsas prinsipləri olan, qərəzsizlik, obyektivlik prinsipləri pozulur”.

Q.Məhərrəmli deyib ki, buna görə də həmin əraziyə Azərbaycan özü getməli, ya da neytral olan ölkənin jurnalistlərindən ibarət media komandası göndərməlidir:

“Onlar hadisə yerində olan mağaza və supermarketlərlə maraqlanıb, əmin olmalıdırlar ki, “humanitar fəlakət” sadəcə, uydurmadır. Nə qədər ki, hadisə yerindən birbaşa məlumat yoxdur, bu cür şayiələr, qərəzli məlumatlar olacaq. Yoxsa hər iki tərəfin də verdiyi məlumatlar obyektiv ola bilməz”.

Səmayə Rəhimzadə
Globalinfo.az