Efir vaxtı azaldılan verilişlər bağlanacaq? – “O aparıcılar harda görünsələr…”

Son vaxtlar ictimai narazılıq doğuran bir sıra verilişlərin efir vaxtı azaldılıb. “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi proqramlarda yol verilən nöqsanlar mediada da ciddi müzakirə edilib.

Efir vaxtı azaldılan bu verilişlərin yayımının birdəfəlik dayandırılması mümkündürmü?

Mövzunu Globalinfo.az-a şərh edən media mütəxəssisi, professor Qulu Məhərrəmli deyib ki, ciddi şəkildə tənqid olunan şou verilişləri və onların aparıcıları ilə bağlı atılan addımlar həssaslıqla qarşılanır.
Mütəxəssisin fikrincə, bu məsələlərdə televiziyaları başa düşmək lazımdır:

“Birdən-birə çox kəskin addımlar atmaq mümkün deyil. Ona görə ki, veriliş istehsalı çox vaxt aparır, struktur dəyişiklikləri tələb edir, kadr məsələsi tələb olunur, eləcə də həmin verilişlərin yayım cədvəlində oturması, saatın hesablanması, işçi heyətinin seçilməsi, onların vəzifə bölgüləri və s. xeyli zaman aparan işlərdir. İndi yayım vaxtının dəyişilməsi heç nəyi həll etmir. Çünki o verilişin öz aparıcıları var və yəqin ki, auditoriya onu tapıb yenə baxacaq. Burada önəmli olan televiziyaların özünün həmin proqramlara yanaşmasıdır. Bilinsin ki, onların konsepsiyası eyni şəkildə qalır, yoxsa dəyişikliyə məruz qalacaq, aparıcı işi o üslubda olacaq, yoxsa necə. Bunlar hamısı həll olunmalıdır”.

Qulu Məhərrəmli deyib ki, yanaşma, məqsəd, verilişin elementlərinin müəyyənləşdirilməsi, aparılma tərzi, məqsəd – hamısı bir yerdə həll olunmalıdır:

“Ola bilər ki, verilişlərin yerləri həm də sınaq məqsədilə dəyişdirilir. Onların özünü doğruldub-doğrultmaması televiziyanın strategiya və taktika məsələsidir. Görək, onu necə həll edəcəklər. Məsələn, biz düşünürük ki, bir az fərqli məzmunda olan şouların ərsəyə gətirilməsi daha məqsədəuyğundur. Çünki adları çəkilən aparıcılar bəlli bir obrazdır. Bunlar harada görünsələr də, yenə eyni effekti yaradacaqlar. Ona görə də televiziyalar bununla bağlı ciddi düşünməlidirlər”.

Zaira Akifqızı
Globalinfo.az