Sosial şəbəkə terrorçularını necə məğlub etməli? – Professordan maraqlı təklif

Sosial şəbəkənin Azərbaycan seqmentində bir qrup var ki, onlar hamıya və hər şeyə neqativ püskürür. Mənəvi terrorla məşğul olurlar. Bu, onların güclü olması ilə bağlıdır, yoxsa insanlar abırlarını gözləyib, onlara bulaşmaq istəmirlər? Suala birmənalı cavab vermək mümkün deyil. Xalq artisti Rasim Balayevin timsalında bir daha göründü ki, bu dəstə mədəni, əxlaqlı insanlara qarşı qarayaxma kampaniyası aparır, mənəvi sui-qəsd təşkil edirlər. Sosial şəbəkə terrorçularının qarşısını necə almaq mümkündür? Onlara qarşı hansı tədbirlər görmək uyğun sayılır? Cəmiyyətin dəyərli simalarını bu parazitlərdən necə qorumaq olar? 

Mövzunu Globalinfo.az-a şərh edən Əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib ki, sosial şəbəkələrdə nələrinsə qarşısını almağı düşünsək, qadağan etməyə çalışsaq, yanlış etmiş olarıq:

“Rasim Balayevlə bağlı münasibət fərqlidir. Adamdan tələb etdilər ki, “niyə filan sözü demədi, nəyə görə belə danışmadı?” R.Balayev gedib 3-5 dəqiqəlik görüşüb, mükafatını alıb və atmosfera uyğun orada bir kəlmə söz deyə bilib. İndi bəziləri də ondan şikayət çatdırmamasının səbəbini tələb edir. Anlayıram, insanlarda məmurlarla bağlı narazılıq var deyə, istəyirlər ki, tanıdıqları, güvəndikləri adamlar problemləri prezidentə çatdırsınlar. Axı bu, hamının istədiyi situasiya deyildi. Rasim Balayev də bunun izahını necə lazımdır verdi. Amma insanları sıxıb təbii haldan çıxarmaq yolverilməzdir!”

Qulu Məhərrəmli

Professor deyib ki, Rasim Balayevin “kütlə” adlandırdığı bəlli bir seqment var və onlar çox aktivdirlər:

“Ona görə aktivdirlər ki, məsələlərin formal tərəfini görürlər, meydanı qızışdırırlar, müəyyən problemlər yaradırlar və s. Bunu qəsdən edirlər, yoxsa doğrudan da səmimi şəkildə istəyirlər ki, problemlər gündəmə gəlsin, bilmirik. Sosial şəbəkələrin özü bu cür şəxslərdən o zaman xilas olacaq ki, orada aqressiv düşünən, qərəzli olan bəlli kəsimdən çox, ağıllı, düşüncəli, obyektiv, qərəzsiz insanlar olacaq.

Sosial şəbəkənin ədalətliyi ondan ibarətdir ki, hər kəsə eyni yanaşır. Amma ədalətsizlik odur ki, hamı özünü hər kəslə bərabər hiss edir. Məsələn, düşüncəsiz, axmaq bir adam başqası haqda istədiyi böhtanı yaza bilir. Özü ağılda olanlar isə başlayır onu bəyənməyə. İctimai fikir baxımından o, yolverilməzdir. Tənqid etmək, fikir bildirmək olar. Lakin kimisə təhqir etmək, aşağılamaq, şəxsiyyətinə toxunmaq olmaz!  Dediyimiz həmin qaragüruh, aqressiv təbəqə etik qaydaları nəzərə almır. Ümumiyyətlə, etikanın nə olduğunu anlamaq istəmir. Ona görə də, bunların qarşısını almaq mənasızdır”.

Q.Məhərrəmli təssüflə deyib ki, dərrakəli insanların sosial şəbəkələrə sərf etməyə elə də çox vaxtı yoxdur:

“Rasim Balayevi dəstəkləyənlər kifayət qədərdir. O qədər gözəl, obyektiv fikir yazan vicdanlı adamlar var ki, onlar da onu müdafiə etdilər. Rasim Balayevi müdafiə etməyə heç gərək də yoxdur. Özü öz düşüncəsi, səmimiyyəti ilə sözünü necə lazımdır dedi. Təssüf ki, müxtəlif həşəratlar sosial şəbəkəni bürüyüb, tarakan kimi özlərinə məxsus olmayan ad altında gizlənib insanları təhqir edirlər”.

Zaira Akifqızı
Globalinfo.az