Onlara ev verildi, lakin digərlərinin kimliyi bilinmir – Professor

Jurnalistlər üçün tikilən 3-cü binanın şəhid ailələri və qazilərə verilməsi birmənalı qarşılanmayıb. Qərara etiraz edən jurnalistlər deyirlər ki, bina media işçilərinə verilməli idi. Amma “jurnalistlərə niyə ev verilməlidir” arqumentini səsləndirənlər də var.

Ekspertlərin sözlərinə görə, hökumətin bu qərarının kökündə bundan əvvəl jurnalistlər üçün tikilən binalarda yeyintinin olması, bölgüdə ədalətsizliyə yol verilməsi, ev almayanların hökumətin üzərinə getmələri dayanır. Hər 3 fakt bu layihəni zədələdi, gözdən saldı, nəticədə jurnalistlərə verilməli olan mənzillərlə bağlı qərar dəyişdirildi.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyib ki, insanın öz evinin olması həyati zərurətdir:

“Təbəqələr arasında fərq qoymaq, birini fərqləndirmək, digərini arxa plana salmaq məqsədəuyğun deyil. Elə sosial-siyasət aparılmalıdır ki, jurnalistlər də, digər peşə sahibləri də ev alsınlar”.

Qulu Məhərrəmli

Q.Məhərrəmli qeyd edib ki, əvvəlki binalarda üzdə olan bir neçə istedadlı jurnalistə ev verilib, lakin digərlərinin kimliyi bilinmir:

“Bu da birmənalı qarşılanmır və insanların çoxu həmin binaların başqa nazirliyə verilməsinin tərəfdarı olurlar. Lakin hələ də gec deyil. Elə olmalıdır ki, jurnalistlər də digər sosial kateqoriyalar kimi ipotekalardan yararlana bilsinlər və ya yüksək maaş alıb, mənzil sahibi olsunlar. Jurnalistlərin heç kimdən asılı olmadan ev ala bilməsi üçün variant düşünülməlidir”.

Zaira Akifqızı
Globalinfo.az