Putinlə anlaşan Qərb liderlərinin gizli məqsədi: Ukraynanı niyə təslim olmağa çağırırlar? – ŞOK

***00:06

Slovakiyanın Baş naziri Robert Fikonun Rusiya-Ukrayna müharibəsi ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb.

Belə ki, Fiko Ukraynanı ərazisinin bir hissəsindən Rusiyanın xeyrinə imtina etməyə çağırıb. Baş nazir əlavə edib ki, Ukrayna münaqişəyə son qoymaq üçün ərazi güzəştlərinə getməlidir. Slovakiya Baş nazirinin bu fikirləri fonunda son vaxtlar bəzi Qərb dairələrində analoji açıqlamalara daha çox rast gəlinir. Siyasi analitiklər isə bu cür fikirlərin səsləndirilməsini bır sıra amillərlə əlaqələndirirlər.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, son dövrlər Qərb cinahından Rusiya-Ukrayna savaşı ilə bağlı ziddiyyətli açıqlamaların verildiyi müşahidə olunur:

“Əsas təkliflər Ukrayna ərazilərinin Rusiyaya güzəştə gedilməsi ilə bağlıdır. Bu təklifi səsləndirənlər öncədən Rusiyaya meyilliliyi ilə tanınan sağ-ifratçı siyasətçilərdir. Bu siyasətçilər iki ildir davam edən savaşda Rusiya enerji daşıyıcılarına qoyulan sanksiyaların Qərbə təsirlərini həzm edə bilmirlər. Belə ki, Avropada yaranan çətin vəziyyət və qərblilərin komfort həyatının itirilməsi etirazlarla qarşılanır. Həmin siyasətçilər isə daxili-siyasi mübarizədə bu amildən istifadə etməyə çalışır. Yəni Avropa əhalisinin narazı təbəqəsinin qarşısını almaq üçün bu savaşın əleyhinə fikir səsləndirərək Rusiyanı müdafiə edirlər.

İkincisi, Rusiya sələfi SSRİ-dən daha ağıllı və tədbirli davranaraq Qərbdə özünə xeyli sayda tərəfdar toplamağa müvəffəq olub. Belə ki, Rusiya enerji daşıyıcılarının satışından əldə edilən külli miqdarda vəsaitin bir hissəsi məhz Moskvanın xeyrinə işləyən mətbuata, ictimai-siyasi fəallara, dövlət bürokratiyasında özünə yer eləyən şəxslərə xərclənir. Onların Rusiya ilə əməkdaşlığa girməsinə şərait yaradılır. Almaniyanın keçmiş Baş naziri, bəzi ölkələrin xarici işlər nazirləri, Rusiya və şəxsən Putinlə olan münasibətlərinə, eləcə də Kreml tərəfindən mükafatlandırıldıqlarına görə bu cür münasibət sərgiləyirlər. Belə siyasətçilər arasında Slovakiyanın Baş naziri də yer alıb. Onlar müharibənin ilk vaxtlarından Rusiya yönümlü siyasət sərgiləyərək Ukraynanın əleyhinə çıxış ediblər”.

Oqtay Qasımov 

Politoloqun sözlərinə görə, Qərbin davranışlarında hər zaman bu cür nümunələr müşahidə edilib:

“Yəni Qərb hər zaman güclü tərəflə yumşaq davranmağa və zəif olanı qurban verməyə vərdiş edib. Bugünki Avropa siyasətçilərinin əksəriyyətinin davranışı bizə 1938-ci il faşist Almaniyasının Çexoslavakiyanın Sudet vilayətini işğal etməsi hadisəsini xatırladır. Belə ki, o zaman Sudet vilayətini işğal edən almanlar İngiltərə və Fransanı bu işğalı  legitimləşdirməyə məcbur etmişdilər. O zaman İngiltərə Baş naziri və Fransa Prezidenti belə hesab edirdilər ki, Sudet vilayətini Almaniyaya güzəştə getməklə Avropanı gözləyən böyük savaşı dayandıra biləcəklər. Ancaq tarix göstərdi ki, bu, olduqca yanlış bir qərardır. Əksinə, bu qərarla onlar Hitleri böyük savaşlara həvəsləndirdilər. Bu gün də biz eyni ssenarini Ukraynada görməkdəyik. Belə ki, əgər Ukrayna ərazilərini güzəştə getsə, o zaman Moskvanın hansı addımlar atacağını düşünmək elə də çətin deyil”.

Oqtay Qasımov əlavə edib ki, Ukraynanın öz ərazilərini güzəştə gedəcəyi ilə bağlı fikir söyləmək çox çətindir:

“Çünki hazırda Ukrayna cəmiyyətində elə kəsim var ki, onlar faktiki olaraq Rusiya ilə savaşı dayandırmaq üçün ərazilərin bir qismini güzəştə getməyi məqbul sayırlar. Doğrudur, bu cür düşünənlər azlıq təşkil edir. Hərçənd Ukrayna rəhbərliyi bu fikiri yaxına buraxmaq istəmir. Amma nəzərə almaq lazımdır ki, Ukraynaya verilən dəsətək azalacaqsa, o zaman Kiyevin məğlubiyyəti qaçılmaz olacaq. Burada Qərbin əsas oyunçusu ABŞ və onun koalisiyasıdır. Əgər onlar Ukraynaya dəstək versələr, onda Kiyev daha az itkilərə məruz qalacaq və məğlub olmayacaq. Ona görə də, hadisələrin gedişi daha çox Ukraynanın özündən yox, Qərbin oan dəstəyindən asılıdır”.

Əliyar Xəlil
Globalinfo.az