Tarixi saziş pozula bilər – Region dəhşətli ssenari ilə üz-üzə

İsrailin Qəzza ilə Misir sərhədində yerləşən Rəfah şəhərində keçirdiyi əməliyyata Qahirədən sərt reaksiya gəlib. “Associated Press” yazır ki, Misir İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhədə – Rəfah şəhərinə göndəriləcəyi təqdirdə bu ölkə ilə əldə edilən Kemp-Devid razılaşmasını (1978) dayandıracaq.

Adıçəkilən razılaşmanın məzmunu nədir? Ləğv edilərsə, nələr baş verə bilər?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, təkcə İsrailin müdafiə naziri  Yoav Qallant deyil, eləcə də Baş nazir Benyamin Netanyahu son günlər Qəzzanın Rəfah rayonuna hücumun qaçılmaz olduğunu bildirir və ona hazırlaşdıqlarını elan edirlər:

“Hətta bir neçə gündür ki, Qəzzanın digər yaşayış məntəqələri ilə yanaşı Rəfah bölgəsinin də bombalanmasına başlanılıb və artıq oradan da dinc əhali arasında həyatlarını itirənlər barədə məlumatlar gəlir. Amma bir qayda olaraq həm İsrailin HƏMAS-la müharibəsində müttəfiq kimi çıxış edən aparıcı dövlətlər, həm də bu müharibədə İsrailə qarşı dayanan güclər Rəfaha hücumun İsrail üçün ciddi nəticələr verəcəyini bildirirlər. İsraildən ciddi şəkildə oraya yerləşmiş 1 milyon 400 min dinc sakinin həyatının qorunması tələb olunur. İsrail isə orada yerləşənləri özləri üçün digər sığıncaq yeri tapmağa məcbur etmək istəyir. Amma bütün Qəzzada hazırda Rəfahdan başqa az-çox salamat qalan yer yoxdur. Ora bombalansa dəfələrlə qaçqın düşən qəzzalıların vəziyyətini təsəvvür etmək mümkün deyil. İsrail bu müharibədə ona müttəfiqlik edən dövlətləri inandırmağa çalışır ki, Rəfah təmizlənməsə müharibəni bitirmək mümkün deyil.

Netanyahunun müharibəni idarə etməsinə, hələ də Qəzzada yüzdən artıq əsiri geri qaytara bilməməsinə qəzəblənən, buna görə onu tənqid edən daxili auditoriyasını sakitləşdirmək istəyir. Eyni zamanda, İsrailin baş naziri fələstinlilər arasında daha çox qorxu yaratmaq, ABŞ və Misirlə danışıqlar üçün yeni rıçaq yaratmaq fikrindədir.

Əlimusa İbrahimov

Misir İsraili Kemp Devid sazişindən çıxmaqla hədələyib. Bu saziş 17 sentyabr 1978-ci ildə Misir Prezidenti Ənvər Sadat və İsrailin Baş naziri Menahem Begin tərəfindən ABŞ prezidentinin vasitəçiliyi ilə Kemp Deviddə (ABŞ) on iki günlük gizli danışıqlardan sonra imzalanmış siyasi razılaşma idi. İki çərçivə sazişi Ağ Evdə Cimmi Karterin şahidliyi ilə imzalanıb. Ənvər Sadatın sui-qəsd nəticəsində öldürülməsini də bəzən bu sazişlə əlaqələndirirlər. Saziş İsraillə Misir arasında müharibə vəziyyətini sona çatdırmış və münasibətlərin qurulmasına şərait yaratmışdı. Amma ərəb dövlətləri bundan sonar uzun müddət Misirə xəyanətkar kimi baxmış, onu bütün ərəb təşkilatlarından çıxarmışlar. Müqaviləni üstündən 45 ildən çox müddət keçəndən sonra belə pozulması İsrail üçün ciddi nəticələrə səbəb ola bilər.

Əslində Rəfaha hücum etməkdə İsrail çoxdankı arzusunu reallaşdırmaq – Qəzzanın əhalisini Misirin Sinay yarımadasına göndərmək istəyir. Bu da Misir tərəfindən qəbuledilməzdir. Misir öz ərazisində yeni minaların basdırılmasında maraqlı deyil.

İsrailin Rəfaha hücum məsələsini indi gündəliyə gətirməsi müharibənin onun üçün heç də lazım olan istiqamətdə getmədiyini sübut edir. İsrail HƏMAS-a qarşı başladığı müharibəni sonlandıra bilmir. Belə olan halda Netanyahu müharibəni bitirməyi, əgər bu mümkün olmasa, heç şübhəsiz Rəfahla bağlayacaq, ABŞ və digər müttəfiqlərini ona mane olduğunu bəhanə gətirəcək”.

Turan Rzayev
Globalinfo.az