Qonşu ölkədə xaos böyüyür: Qərb Kreml qarşısında geri çəkilir?

Gürcüstanda baş verən son hadisələr bu ölkənin yolayrıcında olduğunu deməyə əsas verir. Siyasətçilər bu ilin oktyabrında baş tutacaq parlament seçkilərindən sonra “rəsmi Tbilisinin Avropa İttifaqı ilə yola davam edəcək, yoxsa istiqaməti Rusiyaya tərəf döndərəcək?” sualına aydınlıq gətiriləcəyini deyir. Gürcüstanın bu iki istiqamətdən birini seçəcəyi proqnozlaşdırılır.

Gürcüstanın seçimi necə olacaq? Tbilisinin seçimi regionun gələcək inkişafına necə təsir edəcək? Qafqaz yenidən rəngli inqilablara ev sahibliyi edəcəkmi? Avropa İttifaqı ilə yola davam ediləcək, yoxsa istiqamət Rusiya tərəfə döndəriləcək? Bu savaşın qalibləri və məğlubları kimlər olacaq?

Globalinfo.az-a danışan politoloq Elçin Mirzəbəyli deyib ki, Gürcüstanda baş verən hadisələr vaxtilə bu ölkədə, daha sonra isə Ukraynada həyata keçirilən təxribat ssenarisinin təkrarıdır:

“Gürcüstan növbəti geosiyasi qarşıdurma arenasına çevrilə bilər. Geridə qalan zaman kəsiyi sübuta yetirib ki, Qərbin avantüralarına alət olmanın sonu, hətta dövlət müstəqilliyinin de-fakto itirilməsi ilə nəticələnə bilər.

2004-cü ildə Gürcüstanda həyata keçirilən “rəngli inqilab” ssenarisindən və Qərbin klassik riyakarlığı, avantürizmi nəticəsində Cənubi Osetiya və Abxaziyanın itirilməsindən sonra, qonşu ölkənin siyasətçiləri baş verənlərdən daha ciddi nəticə çıxarmalı idi.

Elçin Mirzəbəyli

Hazırda bir sıra postsovet ölkələrində Birləşmiş Ştatların və digər Qərb ölkələrinin təsir agentləri şəbəkələrinin formalaşdırılması, maliyyələşdirilməsi ilə bağlı Soros Açıq Cəmiyyət Fondu, ABŞ Milli Demokratiya Fondu (NED), Milli Demokratiya İnstitutu (NDİ), Beynəlxalq Respublikaçılar İnstitutu və digər bu kimi təsisatların əlaqələndiriciləri funksiyalarını yerinə yetirən onlarla təşkilat var. Onların arasında “Beynəlxalq şəffaflıq – Gürcüstan”, “Gürcüstanın demokratik təşəbbüsü”, “Gürcüstan hüquqları”, eləcə də “Açıq Cəmiyyət İnstitutu” xüsusilə seçilir. Müxtəlif yollarla onlara “ayrılan” vəsaitlərin, qeyri-qanuni formada, vergi nəzarətindən yayındırılaraq, Gürcüstanın və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin QHT-lərinə, media resurslarına və siyasi partiyalarına ötürülməsi, nüfuz müvəkkilləri şəbəkələrinin genişləndirilməsi “missiyası”nı həyata keçirirlər”.

Politoloq deyib ki, hazırda Gürcüstanda, yalnız xaricdən ötürülən vəsaitlər hesabına “fəaliyyət” göstərən yüzlərlə qeyri-hökumət təşkilatı var və qrant vəsaitlərinin 20%-dən çoxunu xaricdən alan QHT-lərin sayı isə on minə yaxındır:

“Bu QHT-lər, təkcə siyasi proseslərə müdaxilə etmir, bütövlükdə Gürcüstan cəmiyyətinin dayaqlarını sarsıdırlar. Maraqlıdır, bu gün xarici agent qanununun qəbul olunmasına qarşı sərt çıxış edən ABŞ-da “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) adlı qanun 1938-ci ildə, Almaniyanın İkinci Dünya müharibəsi ərəfəsində apardığı təbliğata cavab olaraq qəbul edilib. Bir sıra dəyişikliklərdən sonra (1966, 1995 və 2007-ci illər) sənəd xarici siyasi maraqların lobbiçiliyi ilə mübarizə alətinə çevrilib.

Belə anlaşılır ki, onlara olar, amma bizə yox?! Əslində bu baxış bucağı, Qərbin dövlətlərin suveren hüquqlarına olan gerçək münasibətini nümayiş etdirir. Məhz bu aspektləri nəzərə alan və proseslərin inkişafını, hər zaman olduğu kimi dəqiq proqnozlaşdıran Azərbaycan, 14 il bundan öncə qanunların diliylə ölkəni öz geosiyasi maraqlarının plasdarmına çevirmək istəyənlərə yerini milli iradənin qətiyyətli ifadəsi ilə göstəmişdi. Bu gün Cənubi Qafqazda baş verənlər Azərbaycanın öz müstəqil qərarlarında nə qədər haqlı olduğunu bir daha sübuta yetirir”.

Turan Rzayev
Globalinfo.az