Zəngəzur dəhlizi gerçəyi: məsələ təkcə Naxçıvan deyil… – Detallar

Yüzillərdir müharibə, qan-qada, separatizmdən əziyyət çəkən Cənubi Qafqazda yeni dövrün başladığına dair fikirlərin səslənməsi geniş vüsət alıb. “Mini Şengen” adlanan bu regionun böyük turistik imkanları, karbohidrogen ehtiyatları, başqa təbii sərvətləri, logistik potensialı var. Lakin bəzən Qafqaz Çinlə Qərb arasında növbəti mərhələ üçün intriqa məkanı kimi təqdim edilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev deyib ki, Cənubi Qafqaz əlverişli regionda yerləşir:

“Bura Qərblə Şərqin tranzit mərkəzidir. Keçmiş İpək yolu da bu ərazidən keçib. Azərbaycan Çinlə Avropa arasında körpü ola biləcəyi ilə bağlı təkliflərini dünyaya və Qərbə çatdırıb. Məhz buna görə də Zəngəzur dəhlizinin açılması məsələsində qərarlıyıq. Bu dəhliz vasitəsilə Qərb, Çin, Orta Asiya və digər regionlar iqtisadi gəlirlər, imkanlar, siyasi və mədəni əlaqələr əldə edəcək. Uzaq Çindən yüklərin Avropaya daşınması, insanların gəlməsi asanlaşacaq”.

Politoloqun fikrincə, bu yolun açılması region ölkələrinin təhlükəsizliyi, münaqişə riskinin azalmasına səbəb olacaq:

“Tranzit yolun üzərindən keçdiyi ölkələr sabit olmalıdır ki, həmin yoldan istifadə edənlər rahat şəkildə addım ata bilsin. Azərbaycan da bununla bağlı təkliflərini verib.

Region dövlətlərindən alət kimi istifadə edib münaqişə yaratmaq istəyən ölkələr həmin dövlətlərin iqtisadi çöküşünə səbəb olacağını da nəzərə almalıdırlar. Ukrayna-Rusiya müharibəsi də buna misaldır. İqtisadi, siyasi və mədəni əlaqələr müharibə şəraitində inkişaf edə bilməz”.

Safura Bənnayeva
Globalinfo.az