1,3 milyon əhalinin həyatı təhlükədə: Bu şəhərdə əməliyyat başlasa… 

İsrail Qəzza-Misir sərhədindəki “Rəfah” keçid məntəqəsini nəzarətə götürüb. Nəticədə 20 HƏMAS terrorçusu məhv edilib, 3 tunel ələ keçirilib.

İsrailin “Rəfah” keçid məntəqəsini nəzarətə götürməsi nə ilə nəticələnəcək? Təl-Əvivə buna görə təzyiq ediləcək? Bu addım HƏMAS-a nə kimi problem yaradacaq?

Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, İsrail dünən elan etdi ki, Rəfahda əməliyyata başlayır:

“Bununla bağlı hərbi hökumət kabineti qərar qəbul edib. Əvvəldən də bilinirdi ki, İsrail istənilən halda Rəfaha girməyə çalışacaq. Çünki əks təqdirdə, müharibə dayanmış olarsa, bu, Netanyahu üçün məğlubiyyət və uğursuzluq olacaqdı.

Netanyahu bildirmişdi ki, onlar yekun qələbəyə qədər davam edəcəklər. Bu mənada müharibənin dayanması indiki məqamda Netanyahuya sərf etmir. Amma əgər Rəfahda genişmiqyaslı quru əməliyyatı başlasa, bu, İsrail-ABŞ münasibətlərinə ciddi təsir edəcək. Çünki HƏMAS atəşkəs təklifini qəbul edib. Yəni belə demək olarsa, bəhanə yoxdur”.

Politoloq deyib ki, Rəfaha əməliyyat olarsa, bu, çox böyük insan tələfatı demək olacaq:

“1,3 milyon əhalinin sığındığı şəhərdə insanları qorumaq faktiki olaraq mümkün deyil. İsrail əməliyyat nöqtələrində əhaliyə ərazini tərk etməklə bağlı xəbərdarlıq edib. Amma bu, nəticəni dəyişməyəcək, Rəfah əməliyyatı ağır itkilərə səbəb olacaq. İsrail Rəfahı götürməklə faktiki olaraq Qəzzanın yeganə çıxışı olan Misir sərhədini nəzarətə götürmüş olacaq. Bununla da Qəzza zolağının kənarlardan mühasirəsini tamamlayacaq.

Amma bunu tam qələbə adlandırmaq tez olar. Bu gün müharibənin 7 ayı tamam olur. Hələ də Qəzza zolağında HƏMAS silahlıları qalır və onlar müqaviməti davam etdirirlər”.

Turan Rzayev 

Globalinfo.az