İsrail tankları Rəfaha daxil oldu

İsrail Müdafiə Ordusunun zirehli bölmələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, İsrail ordusu Rəfahın şərqindəki HƏMAS hədəflərinə dəqiq zərbələr endirdiyini bildirib. Misir televiziya kanallarının nümayiş etdirdiyi “Rafah” nəzarət məntəqəsinə aid görüntülərdə atəş və partlayışlar, tankların, helikopterlərin səsləri eşidilir.

İsrail ordusu Qəzza zolağı istiqamətindən Rəfah keçid məntəqəsini ələ keçirib.

Məntəqənin əsas yolunun ələ keçirildiyi, fəaliyyətini dayandırdığı bildirilib.

“Əməliyyat zamanı 20-yə yaxın silahlı öldürülüb, üç vacib tunel aşkar edilib. Əməliyyatda indiyədək heç bir əsgər yaralanmayıb. Hazırda qoşunlar ərazidə axtarış aparır və əlavə tapşırıqlara hazırlaşır”, – məlumatda deyilir.

Bundan başqa, HƏMAS-ın Rəfahdakı 50-dən çox obyektinin də gecə ərzində İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulduğu qeyd edilib.