Qubad İbadoğluya verilən “hədiyyə” haqda maraqlı faktlar: Birdən siqnal gəlir, hamı dönüb baxır… 

Ev dustaqlığına buraxılan məhbuslara elektron qandal taxılması məsələsi tez-tez gündəmə gəlir. Son olaraq 22 apreldə azadlığa çıxan iqtisadçı Qubad İbadoğlunun ayağına da bu qandal taxılıb. 

Ölkəmizdə tətbiq edilməsinə baxmayaraq hələ də elektron qolbaqların necə və hansı şərtlərlə məhkumlara tətbiq edilməsi barədə çoxlarında düzgün təsəvvür yoxdur.

Azadlığı məhdudlaşdırılmış şəxslər üçün elektron qandal taxmaq mütləqdirmi? Ümumiyyətlə, bu qandal hansı hallarda tətbiq edilir, yaxud çıxarıla bilər?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, ümumilikdə bu qandalların taxılmasını düzgün hesab etmir:

“Ona görə ki, elektron qandallar normal ölkələrdə əvvəllər tətbiq olunsa da, sonra ləğv edildi. Həmin qandallara keçid MDB ölkələrində başladı – Belarus, Rusiya, sonra keçdi Azərbaycana. Təsəvvür edin, bir ədəd elektron qandal dövlətə 2750 manata başa gəlir. Bunun üçün ayrıca idarə, Ədliyyə Nazirliyinin tabeliyində probasiya yaradılıb. Faktiki olaraq elektron qandal azadlığı tam şəkildə məhdudlaşdırır. Düşünün, adam hardasa məclisdədir, birdən siqnal səsi gəlir. O da istəməz axı üzərində elektron qandal olsun və bunu kimsə bilsin. Bizimkilərin əsaslandırılması ondan ibarətdir ki, qandal böyük təhlükə töyrətməyən cinayətlərdə tətbiq olunur.

Bunu məqsədəuyğun hesab etmirəm. Açıq deyirəm, elektron qandal birbaşa insanın şərəf və ləyaqətinə toxunan məsələdir”.

M.Muradlının dediklərinə görə, elektron qandallar əsasən barəsində ev dustaqlığı seçilən şəxslərə tətbiq olunur:

“Elektron qandal əsasən cinayət məcəlləsinin 234.1 maddəsində nəzərdə tutulan sanksiya daxilində narkotikdən istifadə edənlərə vurulur. Hesab edirəm, həmin şəxslərə elektron qandal taxmaq əvəzinə, onları əməyə cəlb etsələr, yaxşı olar. SSRİ dövründə məhkumların əməyə cəlb olunması məsələsi var idi. İndi də eynisi daha effektiv olar. Əməyə cəlbetmə həm dövlət xərcinin azalmasına, həm də məhkumların cəmiyyətə inteqrasiyasına kömək ola bilər”.

Vəkil elektron qandal taxılan məhkumların Qarabağda işləməsini təklif edib:

“Hazırda Bakıda, Qarabağda görüləsi nə qədər işlər var. Yaxşı olardı ki, həmin şəxslər o yerlərdə işləyib həm əməkhaqqı alardılar, həm də başları işə qarışardı. Belə olan halda o məhkumlar 2750 manatlıq qandal taxıb dövlətə yük olmaqdansa, ölkəyə xeyir vermiş olar. Fakt olaraq, elektron qandal dövlətə yükdür”.

Zaira Akifqızı

Globalinfo.az