“Papaq atmaq” ifadəsi necə yaranıb? – Maraqlı tarixçə

Qurşaqsallama mərasimi və papaq haqqında

Azərbaycanın milli birlik və həmrəylik şairi Şəhriyarın “Heydərbabaya salam” poemasındakı

“Bayram idi, gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadır şal sallamaq,

Bəg şalına bayramlığın bağlamaq” misralarını hər kəs bilir.

Şal sallamaq, qurşaq atmaq (bağlamaq) milli adətimiz olub.

Amma bu gün şal (qurşaq) sallamaq ifadəsi demək olar ki, işləkliyini itirib.

Qədimdə evlər hündür olmazdı. Elə evlərə bəzi bölgələrdə “yosma”, “tati” deyirlər. Qurşağı ya yuxarıdan, ya da bacadan sallayardılar.

İndiki evlərin heç pəncərələrinə uşaqların əli çatmır. Mən hələ əlçatmaz, hündür hasarları, bağlı qapıları demirəm.

Tikinti sahəsində olduğu kimi dilin özündə də inkişaf gedir. Keçmişdə qurşağı yuxarıdan sallayardılar, bu gün isə ya aşağıdan yuxarı, ya da qapıdan içəri atırlar. Son dövrlərdə “papaq atmaq” ifadəsi bu şəkildə meydana çıxıb. Bizim kültürümüzdə belə ifadə yoxdur.

Niyə məhz papaq?

Əvvəla, papağı uşaqlar atırlar. Onlar bu mərasim zamanı papağı milli baş geyimi və ya qeyrət simvolu yox, torba kimi təsəvvür edirlər. Təki o papağa qonum-qonşular bayram sovqatı qoysunlar.

Etiraf edək ki, bu ifadənin (papaq atmaq) yaranmasında cəmiyyət günahkardır. Kim deyə bilər ki, “papaq atmaq” ifadəsini uşaqlar yaradıb?

Gör-götür dünyasıdır. Aşıq gördüyünü çağırar, –  deyiblər. Uşaqlar hər halda torba ilə adi baş geyiminin fərqini çox yaxşı bilirlər. Gərək evdə torba olsun ki, uşaqlar da torba atsınlar.

Gəlib çıxdıq “torba atmaq” ifadəsinə. İfadə bu şəkildə doğrudur.

“Papaq atmaq” ifadəsini tərgitməkdə tikişçilərimiz, toxucularımız daha çox yardımçı ola bilərlər. Bayramqabağı bayram torbaları tikib (toxuyub) satsınlar. Necə deyərlər, həm ziyarət, həm ticarət. Qoy bütün evlərdə bayram torbaları olsun. Böyüklər yaxşı xatırlayır ki, vaxtilə evlərdə güllü torbalar, xurcunlar olardı.

Bəlkə də sözümü qəribliyə salacaqlar. Axı biz qəribə toplumuq. Torba tikmək deyəndə ağla o saat məcazi məna gəlir..

Bir məqama da diqqət çəkim. Bizim düşüncəmizdəki milli baş geyimi olan papaq uşaqların təsəvvür etdiyi “baş geyimi” deyildir. Yanlışlıq həm də ondadır ki, hər cür baş geyiminə “papaq” deyirlər.

Bu sözün mənşəyi haqda da fikirlərimi bölüşmək istərdim Əslində sözün ilkin forması “babaq”dır.

Papaq ulu “ba” sözü ilə bağlıdır.

“Pa” ayağı, aşağını, “ba” isə başı, yuxarını, göyü bildirir. “Ba”nın izlərini nəinki türk dillərində, hətta müxtəlifsistemli dillərdə görə bilirik. Məsələn, dilimizdəki ban -hündür yer, ərəbcə ucaboy; farsca bang -uca səs; ərəbcə: baliğ – böyümüş (həddi-büluğ), farsca bal – qanad (göy – uçmaq), farsca: balatər-ən uca, ən yüksək; ərəbcə: bare -üst, üstün; farsca: baran -yağış, barəndə -yağdıran – göydən endirən; ərəbcə: bənna- quran, tikən, qaldıran (yuxarıya), türkcə: bəy/bəg – ali, yüksək; boq (uca, yaradan, tanrı) və s.

Yüzlərlə belə nümunə gətirmək olar və bu, təsadüfi oxşarlıq sayılmamalıdır.

Göründüyü kimi, müxtəlifsistemli dillərdə “ba” ünsürü “baş”, “yuxarı”, “göy” anlamındadır.

Dilimizdəki papaq sözü “babaq” şəklində bərpa olunur. “Ba” – baş, “baq” isə “bağlamaq”, “örtmək”, “qapamaq” feili ilə bağlıdır. Hətta “sirli”, “bağlı” mənasında olan “boq” sözü ilə kökdaşdır.

Xalq şairi S.Vurğunun təbirincə desək: “göylərə baxıram qapısı bağlı”.

“Baq” sözü “qap” anaqramı ilə eyni mənadadır. Yəni güzgü üsulu ilə qap –  örtmək, bağlamaq, qapamaq anlamına gəlir. “Qapı” sözünün də məna və mənşəyi bununla bağlıdır.

Babaq – “başı örtən, bağlayan” deməkdir. Bu söz sonralar papaq şəklinə düşmüşdür. “Börk” sözü ilə kökdaşdır.

Papaq – namus simgəsidir. Başdan çıxarıldığı zaman mütləq boydan hündür və ya pak bir yerə qoyular. “Təmiz” anlamına gələn “pak” sözü də “ba” ilə bağlıdır.

Papaq sözündəki “pa”nın “papış”, “patava”, “palaz”, palan” və s. sözlərindəki “pa” ünsürü ilə heç bir əlaqəsi yoxdur. Bu və ya başqa dil faktları sübut edir ki, söz “papaq” deyil, “babaq”dır.

Bir-birindən gözəl, uğurlu illərə!

Bayramınız mübarək!

Şahlar Göytürk
Filologiya üzrə fəlsəfə doktoru, dosent