Rasim Balayev avtomobilini kirayə verib – Aygün Muradxanlı

“Həm Rasim bəyi, həm də Akif bəyi ordenlər almaları münasibətilə ürəkdən təbrik edirəm. Hər ikisinin Azərbaycan mədəniyyətinə böyük xidmətləri var”.

Globalinfo.az xəbər verir ki, bu sözləri “Prime” TV-nin rəhbəri, araşdırmaçı jurnalist Aygün Muradxanlı deyib.

O xatırladıb ki, 90-cı illərin dərin iqtisadi böhranında Rasim Balayev işsiz qalmışdı:

“Yadıma gəlir, maşınını ”gəlin maşını” kimi kirayə verib dolanırdı. Akif bəy səsi timsalında Azərbaycan musiqisinə edilən qəsddən sonra ailə dəstəyilə keçinirdi. Neçə dəfə cəmiyyət qurmaq istədi, alınmadı. Çünki quruluşu ayaqda saxlayacaq kapital yox idi. Kapitalı olan istənilən qurum ən ağır siyasi basqılar olmasına baxmayaraq yaşaya bilir. Xırda, özəl, sistemsiz əltutmalardan başqa sənətkarlar bir dəstək görmədilər”.

A.Muradxanlı deyib ki, bütün problemlər həll olunmalıdır:

“Millət olaraq 30 ildir təlatüm içərisindəyik. Hələ davam edəcək… Separatizmi bitirməliyik, sağdan- soldan gələn təbliğat hücumlarında millət olaraq şaşmamalıyıq, sayı bilinməyən daxili problemləri çözməliyik. Bütün bunlar üçün bizə çox sayda müsbət impulslar gərək olacaq. Millət kimi güclənməyin, toplum olaraq formalaşmağın olmazsa olmazıdır bunlar. Böyük bir zaman kəsiyində biz bunu dövlətdən görməmişik. Amma indi yavaş-yavaş bağlanan qapılar açılır. Açanlar sağ olsun. Sevincliyəm, ümidliyəm. Dövlət və millət birliyinin bütün təzahürlərinə sevinmək lazımdır, xanımlar və cənablar. Sizi də dəvət edirəm!”

Zaira Akifqızı
Globalinfo.az