“Ölkələr milli və geosiyasi maraqları naminə fake news-lardan istifadə edir” – Qabil Hüseynli

Globalinfo.az politoloq, professor Qabil Hüseynli ilə müsahibəni təqdim edir:

– Qabil bəy, bildiyiniz kimi iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Forum çərçivəsində bir çox mövzular ətrafında müzakirələr oldu. Bu mövzulardan biri də Dezinformasiya və feyknyus-la mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi kimi mövzular forumda müzakirə edildi. Forumda müzakirə edilən bu mövzular sizcə, nə qədər əhəmiyyətlidir?

– Əvvəla, onu qeyd edim ki, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun mahiyyəti çox böyükdür. Ölkəmizdə hər il mötəbər tədbirlər keçirilsə də son illərdə xüsusilə bu tədbirlərin mədəniyyət paytaxtımız Şuşada keçirilməsi təqdirəlayiqdir.

Bir vaxtlar həsrət ilə baxdığımız Şuşada bu gün beynəlxalq və  regional tədbirlər keçirilir. Bu tədbirlərdə iştirak edən beynəlxalq səviyyəli qonaqlar həm işğaldan azad edilən əraziləri, bura dəyən ziyanı və görülən işləri görür. Bu baxımdan mən forumun əhəmiyyətini yüksək qiymətləndirirəm.

O ki qaldı sizin sualınıza, dezinformasiya və feyknyus-la mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi kimi mövzuların forumda müzakirə edilməsi dövrün tələblərindən irəli gəlir. Xüsusilə dezinformasiya və feyknyus-la mübarizə hər nə qədər spesifik sahə kimi görünsə də geosiyasi proseslərə təsir edən vacib mövzudur.

Bu gün çoxqütüblü bir dünyada yaşayırıq və hər gün siyasi proseslər dəyişir. Geosiyasi müstəvidə ölkələr bir-biri ilə siyasi, diplomatik mübarizə içərisindədir. Ölkələr milli və geosiyasi maraqları naminə dezinformasiya və feyknyus-lardan istifadə edir. Təbii ki, hər dövlət buna əl atmır, lakin istifadə edən ölkələr kifayət qədər çoxdur.

– Dövlətlər dezinformasiya və feyknyus-dan necə istifadə edir?

– Hesab edirəm ən “yaxşı” örnək Ermənistandır. Rəsm İrəvan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizlərin dezinformasiya maşını işə salaraq aktiv şəkildə feyknyus-dan istifadə edirdi. Düşünün, ordumuz ard-arda qələbə qazanaraq, ölkə başçısı ardıcıl çıxışlar etdiyi halda düşmən Feysbuk, Tvitter, Yutub, Teleqram kimi sosial şəbəkələrdə feyknyus-lar yayırdı.

Ən pisi də insanlar bu saxta xəbərlərə inanır, hətta ordumuzun məğlubiyyətə düçar olduğunu düşünürdü. Lakin sevindirici haldır ki, prezidentin həmin vaxt yerli və xarici media nümayəndələrinə verdiyi ardıcıl müsahibələr bütün bu cəhdlərin qarşısını alırdı.

– 44 günlük müharibədə qələbə qazansaq da bəzi boşluqların da fərqinə vardıq. Misal üçün, feyk nyus-lara qarşı ictimai immunitetimizin çox zəif olduğunu bildik. Sizcə, keçən müddət ərzində bu problemlərə qarşı müdafiə olunmağı öyrənə bilmişik?

– Hesab edirəm, bu problemin yaranmasının ən böyük səbəbi ölkə mediası ilə dövlət qurumları arasında kommunikasiyanın zəif olması idi. Yəni rəsmi xəbərlər dövlət qurumlarından nə qədər gec və məhdud səviyyədə yayılarsa, qarşı tərəf bundan istifadə edib saxta xəbər tirajlaya bilər.

Bu gün bu problemin aradan qalxıb-qalxmadığı haqda dəqiq nəsə deyə bilmərəm, çünki spesifik bir məsələdir. Lakin dövlət qurumları mətbuatla nə qədər sıx əməkdaşlıq etsə, gələcəkdə bənzər problemlər ilə üzləşməyə bilərik.

– Qabil bəy, təcrübə göstərir ki, bəzi problemlərin həlli üçün beynəlxalq təcrübədən faydalanmaq olar. Bəs feyknyus-larla mübarizədə necə, hansı təcrübədən faydalanmaq olar?

– Yaxşı olardı ki, ümumiyyətlə feyknyus-dan heç bir ölkə istifadə etməsin. Çünki bu iki tərəfi də kəskin olan bıçaq kimidir. Yəni əldə tutanda, zərbəyə məruz qalanda, eyni dərəcədə zərər görər.

Yəni feyknyus-dan dövlət səviyyəsində istifadə edən bir ölkə anlamalıdır ki, onun özünə qarşı da bundan istifadə edilə bilər. Bu həm də bir növ kəşfiyyat-əks kəşfiyyat məsələsinə bənzəyir. Ümumiləşdirsək deyə bilərəm ki, feyknyus-la mübarizədə beynəlxalq təcrübədən faydalana bilərik. Hətta özümüz bu sahədə bir model ola bilərik. Lakin bütün bunlar geniş bir araşdırma və koordinasiyalı iş tələb edir.

Müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyinin “Xəbəri yoxlamamış inanma! Saxta xəbərlərin yayılması və onlara qarşı mübarizə tədbirlərinin təşkili” layihəsi çərçivəsində dərc olunub. Müsahibədə səslənən fikirlərə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi heç bir öhdəlik və məsuliyyət daşımır.

Turan Rzayev
Globalinfo.az