“Müavinlərimdən istənilən biri Sahil Babayevdən daha yaxşı nazir olar” – Tural Abbaslı

Globalinfo.az AĞ Partiya başqanı Tural Abbaslı ilə müsahibənin ikinci hissəsini təqdim edir.

Əvvəlki hissə burada: “Biri çıxıb desin ki, bu qədər üzvümüz, strukturumuz var” – Tural Abbaslıdan səs-küylü və iddialı müsahibə

– Tural bəy, Azərbaycanın yaxın tarixində Müsavat, AMİP, Xalq Cəbhəsi kimi kütləvi, böyük strukturlara malik partiyalar olub. Ancaq bu partiyalarda cəmləşən fədakar insanların əksəriyyəti, vitrindəki siyasi ulduzlar nəticəsizlik səbəbindən uzaqlaşdılar. Necə düşünürsünüz, AĞ Partiyanın taleyi bu partiyalarla, Tural Abbaslının siyasi aqibəti isə həmin partiyaların sədrlərinin aqibəti ilə eyni ola bilərmi? Bu ehtimallar sizi narahat edirmi?

– Əvvəla, deyim ki, Azərbaycan siyasətində gündəmdən düşən siyasətçi yoxdur. 1989-cu ildə meydanlarda olan insanlar bu gün hələ də ölkə siyasətində bu və ya başqa formada iştirak edirlər.

Biz keçmiş partiyamızdan qopduq. Biz heç nə əldə etməyə də bilərdik. Mən AĞ Partiya üçün cəmi 6 ildir əziyyət çəkirəm. Ancaq bundan öncəki partiyam üçün 16 il əziyyət çəkmişəm. Düşünün, indi mən keçmiş partiyamda qalsaydım, nələr əldə edə bilərdim. Təəssüf ki, bizdə siyasi varislik deyə bir şey yoxdur.

Bu gün hakimiyyət bir çox məsələlərdə tənqid edilir. Mən də razıyam ki, hakimiyyət müxalifətə təzyiq edir, seçkilərdə saxtakarlığa yol verir, ancaq bizim də günahımız var.

Səhvləri görüb, düzəltməyə çalışıram. Müxalifət olaraq öz səhvlərimizi düzəltdikcə nəticə olur. Biz bəlli bir müddət bu yanaşma ilə gedəcəyik və nəticə əldə edə biləcəyimizi düşünürəm.

Müxalifətin mövqe tutmamağı daha çox xalqa ziyan vurur. Bu gün Tural Abbaslı istefa verdi, siyasətdən getdi, o zaman xalqın sözünü kim deyəcək?

Misal üçün, bu gün İlham Əliyev istefa verdi və dedi ki, gedirəm. Müxalifətin alternativi kim olacaq?

– Siz niyə düşünürsünüz ki, yeni prezident hazırkı müxalifətdən olacaq. Bəlkə, tamam başqa bir insan oldu…

– Yeni prezident müxalifətdən olacaq. Başqa necə ola bilər ki? Yəni bu gün seçim etmək üçün əldə olan şəxslərə baxmaq lazımdır. Daha sadə dildə desəm, əldə nə varsa, seçim də onlardan olmalıdır.

– Tural Abbaslı hazırda nəyin uğrunda mübarizə aparır: Hakimiyyətə gəlmək, prezident olmaq, yoxsa status-kvonu saxlamaq?

– Əslində, sadaladığınız bu üç mərhələnin heç biri bir-birini inkar etmir. Yəni sən mövcudiyyətini saxlamalısan ki, gündəmdə olasan. Gündəmdə olmalısan ki, fakt olasan. Fakt olmalısan ki, hakimiyyətə gələsən. Hakimiyyətə də gəlməlisən ki, xalqa xidmət edəsən.

AĞ Partiyanın birinci məqsədi həm siyasi sahədə tutunmaq, güclənmək, parlamentdə təmsil olunmaq və təbii ki, gələcəkdə prezident seçkilərində iştirak edib hakimiyyətə gəlməkdir.

Bütün bunların məqsədi vasitə kimi istifadə edib xalqa xidmət etməkdir. Baxın, hakimiyyət səbəb deyil, vasitədir. Bu gün Sahil Babayevi, Emin Əmrullayevi tənqid edirik. Biz istəyirik ki, sabah kimisə tənqid etməyək, əksinə, tənqid etdiklərimizdən fərqli olaraq onların edə bilmədiklərini edək. Misal üçün, əlillərin əlil arabasında videolarını çəkib Sahil Babayevə göndərməyək ki, baxın, bu həqiqətən əlildir.

– Tural bəy, etiraf etmək lazımdır ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi ən çox siz tənqid edirsiniz. Bəs sizin Sahil Babayevi əvəzləyəcək kadrınız kimdir?

– Mənim 6 müavinim var. Onlardan istənilən biri Sahil Babayevin gördüyü işdən daha yaxşısını görə bilər. Sahil Babayev hansı məziyyətinə görə əmək və əhalinin sosial müdafiəsi naziri olub? Onun heç bir siyasi savadı, keçmişi yoxdur. Bizim partiyada isə bir çoxlarının siyasi təcrübəsi var. Sahil Babayev, sizcə, bir əlilə təyin edilən 350 manat müavinətin nə demək olduğunu bilir? Mən bildiyim qədər o, təminatlı ailədə böyüyüb. Sahil Babayev aclığın, pulsuzluğun, kasıblığın nə olduğunu bilmir. Onun yanaşması ilə Fransa kraliçası Mariya Antuanettanın “acsınızsa, tort yeyin” yanaşması arasında heç bir fərq yoxdur. Birinci şəxslər siyasi şəxslərdir. Onlar siyasi iradəni təmsil edir. Təbii ki, digərləri peşəkarlar olmalıdır. Azərbaycanda səhv eləmirəmsə, 30 mindən çox vəzifə var. Son təyinatların neçəsi YAP üzvüdür? Partiya nə üçündür? Əgər YAP bu gün partiya daxilindən kadrları vəzifəyə təyin etmirsə, kadr yetişdirə bilmirsə, demək, AĞ Partiya kimi güclü deyil.

Yeni Azərbaycan Partiyası partiya olaraq sonuncu dəfə parlamentdə nə vaxt çıxış edib?

– Bəs AĞ Partiya və ya başqa hansısa müxalifət partiyası belə bir təşəbbüslə çıxış edib?

– Biz Yeni Azərbaycan Partiyası deyilik. Yeni Azərbaycan Partiyasının 60-dan yuxarı deputatı var. Yəni bu adamlar partiya olaraq dövlətə təsir edə bilərlər.

Azərbaycanda partiya standartlarına uyan və siyasətə təsir etmək gücünə malik yeganə partiya AĞ Partiyadır.

– Elədirsə, nə üçün bu günə qədər parlamentdə bir dənə də olsun deputatınız yoxdur?

–  Çünki biz AĞ Partiya olaraq hələ parlament seçkilərində iştirak etməmişik. 2020-ci ildə Vahid Azərbaycan Partiyası idik. Ədliyyə Nazirliyi heç mənim sədrliyimi tanımırdı.

– Tural bəy, tez-tez Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adını çəkirsiniz. AĞ Partiya və AK Partiya arasında hansısa bir əlaqə varmı?

– AK Partiya ilə bizim rəsmi əməkdaşlığa dair xüsusi bir razılaşmamız yoxdur. Çünki AK Partiyanın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı var. Qeyri-rəsmi olaraq onların bir çox nümayəndələri ilə bizim ortaq dostlarımız var. Bu kontekstdə əlaqələrimiz mövcuddur. Amma yenə deyirəm, bunu biz fəxr kimi və ya üstünlük kimi qiymətləndiririk. Bizi AK Partiyaya daha çox mənəvi, ideoloji məsələlər bağlayır.  Xüsusilə bizim ideoloji xəttimiz, qlobal məsələlərə yanaşmamız, vizionumuz AK partiya ilə uzlaşır.

– Partiyanızın hazırda birinci hədəfi parlament seçkilərinə qatılıb qələbə qazanmaq, parlamentdə təmsil olunmaqdır. Azərbaycan reallıqlarında parlamentə düşmək şanslarınızı necə dəyərləndirirsiniz?

– Bu gün mənim parlamentə düşmək şansım yoxdursa, heç kəsin şansı yoxdur. Əgər mən demokratik yolla seçilən bir seçkidə qələbə qazanmayacamsa, bunu heç kəs bacara bilməz.

– Bəs ənənəvi qaydada parlamentdə təmsil olunmanız üçün xeyir-dua verilsə necə…?

– Biz xeyir-duanı xalqdan istəyirik. Xalqın xəyanət kimi qiymətləndirəcəyi heç bir sazişə getmərik. Gedəcəyik dairəyə, səsimizi alacağıq. İndi buraxıb-buraxmamaq onların işidir.

– Tural bəy, bildiyim qədəri ilə inanclısınız. Ancaq partiyanıza qeyri-müsəlmanlar və ya inancsız insanlar da gəlir. İnancınız sizin manevr imkanlarınızı məhdudlaşdırmır?

– Təbii ki, yox. Partiyamız Azərbaycan Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərir. Bizim şəxsi dini görüşlərimiz partiyaya təzahür etmir. Şəxs partiyamıza gəlirsə, nizamnaməyə görə hərəkət edirsə, hətta yüksəlirsə, ondan dini görüşünü soruşmuruq. Bizim partiyaya qəbul anketində din, dil, irqə dair sual yoxdur. Amma təbii ki, biz indi ideoloji xəttimizə uyğun olmayan insanların da tələbləri ilə oturub-durmuruq. Bizim partiyada heç kəs deyə bilməz ki, İsveçdə quran yandırılır və mən bunu dəstəkləyirəm. Yəni bizim üçün ideoloji xətt daha önəmlidir.

Bu gün AĞ Partiyanın üzvləri bəlkə də 90 faiz apolitik insanlardır. Yəni heç bir siyasi partiyaya üzv olmayıblar. Və ya bizim partiyada bir xeyli YAP-dan uzaqlaşan insanlar da var.

– Müsavat partiyasından gələn üzvləriniz varmı?

– Müsavatdan gələnlər bəlkə də var, amma bizim tanıdığımız səviyyədə yoxdur. Yəni bizim hədəfimiz o deyil ki, partiyalardan üzvləri cəlb edək. Azərbaycanda belə mənfi təcrübə də var. Yeni partiya yaranan kimi köhnə partiyaların balansındakı üzvləri cəlb edirdilər. Biz isə buna getmədik.

Biz daha çox kənardakı insanlara xitab elədik. Bizim istənilən yerdə üzvlərimiz var. Misal üçün ofisiantlar, taksi sürücüləri, xidmət sahəsində işləyənlər və s. insanların böyük əksəriyyəti bizim üzvlərdir.

– Müsavatdan ayrılandan sonra partiya ilə əlaqəniz qalırmı?

Ardı var…

Azər Ayxan, Turan Rzayev

Globalinfo.az