“Biri çıxıb desin ki, bu qədər üzvümüz, strukturumuz var” – Tural Abbaslıdan səs-küylü və iddialı müsahibə

Globalinfo.az AĞ Partiya başqanı Tural Abbaslı ilə müsahibəni təqdim edir:

– Tural bəy, az qala hər gün internet televiziyalarında çıxış edirsiniz, saytlara, qəzetlərə müsahibələr verirsiniz. AĞ Partiyanın gücü sizin tənqidi profilinizin üzərində qurulub desək, yanılmarıq. Partiya sədri olaraq Tural Abbaslının fəaliyyəti təkcə internet televiziyalarında çıxış edib hökuməti, ayrı-ayrı qurumları tənqid etməkdən ibarətdir?

– Müxtəlif internet televiziyalarında çıxış edib fərqli mövzular ətrafında danışır, tənqid edirəm. Siz bunu doğru qeyd etdiniz. Bu mənim işimdir. Ancaq burada əsas məsələ insanların səni, dediklərini ciddiyə almasıdır. Tənqid etmək asan görünə bilər, ancaq bu gün mənim etdiyim tənqidlərin ciddiyə alınması üçün həyatımın yarısından çoxunu siyasi fəaliyyətə həsr etmişəm.

Baxın, hamı tənqid edə bilər. Çıxın küçəyə, insanlara baxın, hamı nəyisə tənqid edir, hətta daha da irəli gedərək təhqir deyənlər var. Misal üçün, bu gün Avropada oturan bəzi özünü müxalif adlandıranlar ağız dolusu söyür və deyir ki, mən Tural Abbaslıdan yaxşı söyürəm.

– Amma siz söymürsünüz…

– Biz tənqid edirik. Demək istədiyim məsələ tənqid etməklə bitsə idi, bu gün hamı ya partiya sədri, ya da Azərbaycanda siyasi lider olardı.

– Sizi digərlərindən fərqləndirən nədir?

– Fərqimiz odur ki, biz həm xalq arasında, həm siyasilər arasında, həm də media sektorunda özümüzü siyasi bir fiqur kimi qəbul etdirə bilmişik. Baxın, bu gün sizin bir başqa insanla deyil, məhz mənimlə müsahibə almanız belə onu deməyə əsas verir ki, biz bu hörməti, statusu qazana bilmişik.

Bu gün insanların media qurumlarının gördüyü odur ki, Tural Abbaslı həftədə üç-dörd dəfə efirlərə qatılır, müsahibələr verir, tənqidi çıxışlar edir. Amma görünəndən fərqli olaraq bunun arxası da var.

Mən partiya qərargahında gənclərin problemlərini həll edir, yeni üzvlərin qəbulu ilə maraqlanır, partiyanın rayon təşkilatlarının fəaliyyətini izləyirəm. Digər tərəfdən, AĞ Partiya təkcə Tural Abbaslıdan ibarət deyil. Bizim partiya strukturumuz var. Kifayət qədər siyasətçilər tanıyırıq ki, öz adlarını brend ediblər. Ancaq təmsil etdikləri partiyanın strukturları yoxdur.

– Tural bəy, qeyd etdiniz ki, partiyanızın strukturu var. Həqiqətən AĞ Partiyanın deyildiyi qədər böyük strukturu varmı?

– Bu gün Azərbaycanda 60 siyasi partiya var. Biri çıxıb desin ki, bizim bu qədər üzvümüz, strukturumuz var. AĞ partiya bu gün Yeni Azərbaycan Partiyasından sonra ölkədə ən kütləvi və ən böyük partiyadır. Biz hazırda 2-3 partiyadan biriyik ki, az qala hər həftə yeni üzvlər qəbul edirik.

– İnsanlar AĞ Partiyaya nə üçün gəlir, nədən üzv olmaq istəyir?

– Hər insan müxtəlif səbəbdən gəlir. Böyük əksəriyyəti təbii ki, bizim çıxışlarımıza, səsləndirdiyimiz fikirlərə görə gəlir. Amma bizim həm də bir ideoloji xəttimiz var. Biz sağ mühafizəkar partiyayıq. Milli-mənəvi dəyərlərə söykənən bir ideoloji xəttimiz var. Bu gün bizdən başqa demək olar ki, heç bir partiya ideoloji xəttini açıqlamır. Misal üçün, YAP-ın ideologiyası nədir? Bunu kimsə bilməyə bilər, lakin AĞ Partiyanın ideologiyasını bu gün hamı bilir. Yəni bizə müraciət edənlərin ən azı 30 faizi ideoloji baxışa görə gəlir.

– Partiyanızın ideologiyasından bəhs etdiniz. Amma bir şey var ki, indi cəmiyyət praqmatikdir. Əvvəlki illərdə olduğu kimi onu ideologiya maraqlandırmır. Reallıq maraqlandırır. Yəni siz gec-tez onlara nəsə verməlisiniz ki, onlar sizi dəstəkləsin. Yalnız ideologiya ilə hakimiyyətə gəlmək, parlamentdə təmsil olunmaq mümkündür?

– Siyasətdə, populizm və ya qulağa oxşayan şüarlar heç zaman köhnəlmir. Misal üçün, bu gün Britaniyada iqtidarda hələ də Boris Consonun partiyasıdır. Populist çıxışlar ilə onlar buna nail olub. Bizdə isə əsas məsələ hakimiyyətin dəyişməməsidir. Müxalifətin proseslərə real təsir imkanı yoxdur.

İnsanlar uğursuzluğu sevmir. AĞ Partiyanı qurana qədər bizim 16-17 illik siyasi təcrübəmiz var. Neqativ proseslərin kökü kəsilsin, sivil münasibətlər formalaşsın deyə, iqtidar-müxalifət dialoquna start verildi. Hətta buna görə əyyaş yazıçılar və yaxud da Sorosçular bizim üzərimizə gəldi. Biz münasibətlərin söyüşdən, düşmənçilikdən, tənqidə və rəqabətə keçirəcək bir prosesə başladıq.

Bu gün Azərbaycanda heç kəs deyə bilməz ki, mən Tural Abbaslı və AĞ Partiyadan daha radikal olmuşam. Bu gün Avropada oturub tənqid edənlər unudur ki, biz türmələrdə, həbslərdə olarkən, onlar siyasi arenada yox idi. Biz hazırda siyasi dialoq prosesinə öz töhfəmizi vermişik. Hakimiyyət də bilməlidir ki, təkbaşına nəyəsə nəzarət etmək olmaz. Bu gün parlamentin ən azı 20-30 faizini müxalifət təmsil etməlidir. Eyni ilə Türkiyədə olduğu kimi. Düzdür, Türkiyədə iqtidar AK Partiya olsa da müxalifətin də özünə görə çəkisi, sözü var.

Bu gün AĞ Partiya olaraq bizə müraciət edən insanlara kömək edə bilirik. 10 nəfər əlilliyi ilə bağlı müraciət edirsə, onun azı birinin həllinə nail oluruq. Və yaxud rayonlarda hansısa məmurun haqsızlığına uğrayan bir vətəndaşımızın problemini həll edə bilirik. Yəni dolayısı ilə biz nəyəsə nail ola bilirik.

Biz hadisələrə daha çox praqmatik yanaşırıq. Reallıqları da düzgün qiymətləndiririk. İnsanların da nə istədiyini yaxşı bilirik. İnsanlar AĞ Partiyaya gələcək, ancaq Tural Abbaslı da danışmalıdır ki, insanlar onun kim olduğunu bilsin.

Misal üçün, bu gün ölkədə adını çəkmək istəmədiyim bir-iki partiya var ki, hələ də 100 il öncə yaşayan kişilərin qoyduğu adın bəhrəsini görür. Bu gün Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəyin adına görə ortalıqda gəzənlər var.

– Tural bəy, Azərbaycanın yaxın tarixində Müsavat, AMİP, Xalq Cəbhəsi kimi kütləvi, böyük strukturlara malik partiyalar olub. Ancaq bu partiyalarda cəmləşən fədakar insanların böyük əksəri, vitrindəki siyasi ulduzlar nəticəsizlik səbəbindən uzaqlaşdılar. Necə düşünürsünüz, AĞ Partiyanın taleyi bu partiyalarla, Tural Abbaslının siyasi aqibəti isə həmin partiyaların sədrlərinin aqibəti ilə eyni ola bilərmi? Bu ehtimallar sizi narahat edirmi?

Ardı var….

Azər Ayxan, Turan Rzayev

Globalifno.az