“Əhmədin anası ölməyib ha” – Dəhşətli cinayətin daha bir üzü

Bakıda 25 yaşlı Əhmədov Əhməd Mehman oğlunun ailə üzvlərini – ata-anasını, qardaşını və bacısı ilə onun azyaşlı qızını xüsusi amansızlıqla qətlə yetirməsi cəmiyyətdə şok effekti yaradıb.

Qətli törədən şəxs saxlanılıb, detallar üzə çıxıb. Detallara az sonra gələcəm, amma istərdim keçmişə – hardasa 61 il öncəyə qayıdaq.

1963-cü ildəyik. Bu illərdə nəinki qatil Əhməd, heç onun qətlə yetirdiyi ana-atası da həyatda deyildi. Amma Azərbaycan kinosunun şah əsərlərindən olan “Əhməd haradadır” filmi çəkilirdi.

Filmdə bir də çox yaddaqalan ifadə olsa da, mənim daha çox sevdiyim və dünənki dəhşətli qətl fonunda qulağımda səslənən bir ifadə var: “Əhmədin anası ölməyib ha, ona əl qaldırasan”.

Amma dünən Əhmədin anası öldü… Özü də Əhməd tərəfindən xüsusi amansızlıqla…

Hadisə ilə bağlı cavabsız suallar çoxdur:

Kimdir günahkar?

Nərgiz xaladan fərqli olaraq, Pikə xanımın səhvi nə oldu?

Əvvəlcə onu deyim ki, Nərgiz xala kimi Pikə xanım da Əhmədini qorumaq üçün əlindən gələni edib, hətta deyilənə görə, ailə bunun üçün qeyri-qanuni yollara də əl atıb.

Misal üçün, Əhməd illər əvvəl Masallıda idman yarışında baş nahiyəsindən zədələnib və psixoloji problemləri yaranıb. Ailəyə məsləhət görülsə də, onu psixi sağlamlıq mərkəzinə yerləşdirməyiblər. Əhmədin anası bu məsələdə xüsusilə təkid edib.

Digər diqqətçəkən məqam isə Əhmədin 15 yaşında kimisə bıçaqlamasıdır. Maraqlıdır ki, Pikə xanım oğlu Əhmədin illər öncə psixi sağlamlıq mərkəzinə yerləşdirilməsinə razı olmadığı halda hadisədən sonra buna razı olur.

İndi isə gələk daha spesifik bir məsələyə. Mərhum Pikə xanım mənim də təhsil aldığım Tahir Bağırov adına 59 saylı tam orta məktəbin direktoru olub. Düzdür, o, mənim məktəbi bitirməyimdən çox sonra direktor təyin edilib. Amma bizim məktəb hər zaman rüşvət, qeyri-qanuni yığılan vəsaitlə mənfi planda seçilib. “Süpürgə pulu”, “fond pulu”, “təmir pulu”, özəl günlərdə müəllimlər tərəfindən yığılan pullar və s.  Bu mənada Pikə xanımın övladı üçün əl atdığı qeyri-qanuni yolların nə olmasını, xərclədiyi külli miqdarda vəsaitin mənbəyini təxmin etmək elə də çətin deyil.

Bu sözlərimi faciəvi şəkildə ölən birinin arxasınca danışmaq kimi qəbul etməyin. Məqsəd cəmiyyəti faciələrə aparan ayrı-ayrı detalların bir yerə yığılanda nələrə səbəb olduğunu göstərməkdir. Bu ailə faciəsində, amansız qətldə az və ya çox, hər birimizin suçu var, kimsə yaxasını kənara çəkməsin.

Bu cinayət baş verməyə bilərdi. Əhməd ruhi dispanserdə qalıb müalicə alsaydı, bunları indi bəlkə də müzakirə etməzdik. Bəlkə də öldürülən bizlərdən birinin yaxını, tanışı, dostu da ola bilərdi. Axı Əhməd taksi sürücü işləyib. Ehtimallar insanı təşvişə salmağa kifayət edir.

Sonda isə sözüm sizədir, ey məktəb direktorları. Nə qədər ki, vaxtınız var, ibrət alın. Siz də anasınız. Mirabau demiş, “Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır”.

İbrət alın ki, ibrətlik olmayın!

Turan Rzayev
Globalinfo.az