Cavanşir Məmmədov illər öncə ölümdən necə döndü? – VİDEO

Aprel ayının 20-də vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı daha bir maraqlı fakt üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kanal S” sənədli film hazırlayıb.

Sözügedən ekran işində Cavanşir Məmmədov ölümdən dönməsi haqda danışıb.

O, xanəndə Eyvaz Həsənovla qəzaya düşmə ehtimalından söhbət açıb:

“Eyvaz Həsənov günlərin birində mənə dedi: “Cavanşir, sənə çoxlu toy təklifi gəlir, mənimlə işləyə bilərsən?” Dedim, işləyərəm, amma öz toylarım olanda məni buraxarsınız. Sonra Gürcüstana toya getməli idik, amma Qızıldaş qəsəbəsində toyum çıxdı deyə, gedə bilmədim. Toydan qayıdarkən Eyvazgil qəzaya düşdülər, hansı ki o toya mən də getməli idim. Lakin mən öz yerimə xalam oğlu Pünhanı göndərmişdim. Həmin qəza nəticəsində Eyvaz nağara ustası Ənvərlə birlikdə dünyasını dəyişmişdi”.

Cavanşir Məmmədov Eyvaz Həsənovu gənc vaxtlarından tanıdığını və xanəndənin ona həm həyatda, həm də sənətdə dəstək olduğunu qeyd edib:

“Biri var, insan dünyasını dəyişir evdən gedir, biri də var sənətkar dünyasını dəyişir, eldən gedir. Məni də sənətkarlar yetişdirib. Mən böyük bir akademiya keçmişəm. Əbülfət Ağayevdən tutmuş Hüseynağa Hadıyev, Akif İslamzadə, Razi Şükürov, Niyaməddin Musayev, Teymur Mustafayev, Qulu Əsgərov və o vaxtın üzdə olan digər “qaymaq” oxuyanlarının hamısı ilə toyda olmuşam”.

Zaira Akifqızı
Globalinfo.az