Hikmət Hacıyevin müsahibəsindəki Zəngəzur detalı – Sülh müqaviləsinin imzalanması tarixi…

 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində çox mühüm məqamlara toxunub.

Onlardan üçü xüsusi diqqət çəkir:

Birincisi, Hikmət Hacıyev müsahibə zamanı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması haqda danışıb. O bildirib ki, “Azərbaycan hələ də ilin sonuna kimi Ermənistanla sülh müqaviləsi bağlayacağına ümid edir”.

“Biz hələ də bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edirik və Ermənistanın siyasi rəhbərliyini əsas addımı atmağa çağırırıq – rəsmi olaraq, sülh müqaviləsi çərçivəsində öz imzaları ilə Azərbaycanın ərazi bütövlüyünün tanınması, respublikamızın Qarabağ iqtisadi rayonu da daxil olmaqla, gələcəkdə ölkəmizin daxili işlərinə qarışmaqdan çəkinmək öhdəliyi götürsün”, – H.Hacıyev deyib.

H.Hacıyevin müsahibəsində təmkin səbir hiss olunsa da aydın məsələdir ki, Bakı ən qısa zamanda yekun sülh müqaviləsinin imzalanmasını istəyir. Çünki mövcud reallıqlar bizim lehimizə olsa da dünyada geosiyasi vəziyyət sürətlə dəyişir. Rəsmi Bakı onun da fərqindədir ki, Ermənistan sülh müqaviləsini imzalamaq istəsə də mövcud reallıqların dəyişməsi üçün vaxt qazanmağa çalışır.

H.Hacıyev sözlərindən belə qənaətə gəlmək olar ki, rəsmi Bakı ilin sonuna qədər sülh müqaviləsi adı altında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını istəyir. Sərhədlərin delimitasiya və demarkasiyası kimi məsələlər isə danışıqların növbəti raundunda həll edilə bilər.

Diqqətçəkən bir məqam isə Hacıyevin həmin sülh müqaviləsində Ermənistanın gələcəkdə ölkəmizin daxili işlərinə qarışmaqdan çəkinmək öhdəliyi götürməsi bəndində yer almasını istəməsidir. Prinsip etibarilə bu, doğru və uzaqgörən yanaşmadır. Belə ki, gələcəkdə güc balansı Ermənistanın xeyrinə dəyişə və ya İrəvanda hakimiyyətə yenidən Kremlə sadiq revanşist, ultramilliyyətçi qüvvələr gələrsə işğala cəhd ola bilər. Lakin Ermənistanın bu bəndi qəbul etməsi gələcək perspektivdə istənilən ssenarini ən azından beynəlxalq hüquqla bloklayır.

İkincisi, H.Hacıyev müsahibəsi zamanı reinteqrasiya məsələsinə də toxunub. O bildirib ki, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşlarıdır və onların hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası ilə təmin olunacaq.

Rəsmi Bakı istər Qarabağ ermənilərinin, istərsə də beynəlxalq aləmin narahatlığını yaxşı başa düşür. Lakin bu narahatlıq yersiz və əsassızdır. Bakı hər zaman olduğu kimi beynəlxalq hüququn norma və prinsiplərini özü üçün əsas hüquqi olaraq qəbul edir.

Ermənilər də Azərbaycan konstitusiyasında göstərilən hüquq və imtiyazlardan faydalanacaq. Lakin bunun xaricində heç bir təklif yada xüsusi imtiyaz, muxtariyyət, status verilə bilməz.

Misal üçün, H.Hacıyev müsahibə zamanı bildirib ki, “Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur”.

Rəsmi Bakı heç bir halda daxili məsələsini beynəlxalq müzakirəyə çıxarmayacaq. Reinteqrasiya prosesi çərçivəsində görüşlər yalnız və yalnız Azərbaycan şəhərlərində keçirilə bilər. Qarabağ Azərbaycanın daxili məsələsidir və bu belə də qalacaq.

Üçüncüsü, H. Hacıyev müsahibə zamanı Zəngəzur dəhlizi məsələsinə də aydınlıq gətirib. Ermənistan öz öhdəliklərindən imtina etsə, Azərbaycan digər ölkələrlə alternativ nəqliyyat marşrutları üzərində işləyəcək.

Ermənistan regionda faktiki olaraq layihələrdə uzaq qalan və təcrid olunan ölkədir. Yəni Azərbaycan Zəngəzur dəhlizi olsun, ya olmasın, regionun digər ölkələri vasitəsilə logistik imkanlarını inkişaf etdirir.

Bakı Zəngəzur dəhlizi tələbindən imtina etməyib. Lakin sülh müqaviləsi imzalanmadan Zəngəzur dəhlizinin açılması da çətin görünür. Təbii ki, rəsmi Bakı bunu hərbi yolla da edə bilər. Lakin diplomatik yolla sülhün əldə edilməsi Bakı üçün daha vacibdir.

Hesab etmək olar ki, Azərbaycan Zəngəzur dəhlizi açılmasını sülh müqaviləsindən sonrakı danışıqlara ertələyir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı