Paşinyan əlindəki yeni müharibə “kart”ını masaya atdı

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Gürcüstanla delimitasiya təxminən 20 ildir davam edir, lakin Bakı ilə bu prosesi sürətləndirmək lazımdır:

“Dörd kəndin yaxınlığında sərhədin müəyyən edilməməsi Azərbaycana bu problemin həllində eskalasiya üçün səbəb verir. Yəni delimitasiya olmadan münaqişənin yenidən alovlanması mümkündür”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 2020-ci il üçtərəfli Bəyanatında göstərilən Zəngəzur dəhlizi məsələsində durğunluq yaşansa da, Ermənistan sərhədin delimitasiyasına maraq göstərir və əməli addımlar atır:

“Bu da Azərbaycan və Ermənistanın birbaşa apardığı danışıqlar gündəliyindəki irəliləyişlərin, əsasən də sülh müzakirələrinin komponentlərindəndir. Ermənistanın addımları sülh üçün yetərli olmasa da, hərəkətsizlikdən daha yaxşıdır. Çünki sərhədin delimitasiya və demarkasiyası ilə bərabər, Ermənistanın Konstitusiyasına və qanunvericiliyinə də dəyişikliklər edilməli, üçtərəfli Bəyanatın Ermənistan tərəfindən hələ də yerinə yetirilməyən bəndi – Zəngəzur dəhlizinin açılması prosesi icra olunmalıdır”.

Siyasi şərhçinin fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyanın daxili auditoriyaya və beynəlxalq ictimaiyyətə çatdırmaq istədiyi məsələlər içində Zəngəzur dəhlizinə yanaşma tamamilə fərqlidir:

“Bunun bir neçə səbəbi ola bilər: Ermənistanın Qərbdəki havadarlarının məsləhəti və ya əhalinin narazılıqlarının nəzərə alınması və s. Amma sərhədin delimitasiyasının Qərb dairələri tərəfindən dəstəklənməsinə Azərbaycanın istəyi və Ermənistanın havadarlarının siyasi direktivləri də təsir edir. İstənilən halda daxildəki narazılıqlara görə N.Paşinyan vətəndaşları inandırmaq istəyir ki, delimitasiya prosesini sürətləndirməsək, bu, yeni bir qarşıdurmaya gətirib çıxara bilər. Baş nazir izah etməyə çalışır ki, Azərbaycana təhvil verilən kəndlər bizə məxsus deyil, vaxtilə işağal olunub. Hazırda regional gücə çevrilən Azərbaycanla hesablaşmaq və prosesləri müzakirələrlə həll etmək zəruridir. Əks halda itirən rəsmi İrəvan olacaq”.

Safura Bənnayeva
Globalinfo.az