Dünya böyük bəla ilə üz-üzə: “Ölüm halları 20 dəfə çox olacaq”

Davosda keçirilən Dünya İqtisadi Forumunda beynəlxalq səhiyyə təşkilatlarının nümayəndələrinin “X xəstəliyi”nin müzakirəsi diqqət çəkib. Onlar dünyanın yeni pandemiyaya hazırlaşdığını vurğulayıblar. Sirr deyil ki, hazırda dünyada qızdırma, öskürək, halsızlıq, qızılca və s. amillərlə zəngin xəstəlik yayılıb.

Maraqlıdır, “X xəstəliyi” pandemiyası realdırmı? Bəs son 4 ildə ikinci pandemiyanı dünya iqtisadiyyatı, eləcə də insanların psixologiyası qaldıra bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla epidemioloji vəziyyətin bu gün bütün dünyada narahatlıq doğurduğunu qeyd edib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası bitsə də, onun avterşokları, xırda epidemiyaları hələ davam edir:

“Omikron ştammının mutasiya variantları ayrı-ayrı ölkələrdə indentifikasiya olunur və bunlar da xeyli insanın xəstəliyinə gətirib çıxarır. Bundan başqa, yeni formada ortaya çıxan qızılca, göy öskürək, hazırda sarılığın Rusiyada, Gürcüstanda yayılması insanlarda narahatlıq doğurur və bunun başqa ölkələrdə yayılması tamamilə realdır. Ona görə də, diqqətli olmalıyıq, uşaq və böyüklərin vaksinasiya məsələsinə çox ciddi fikir verməliyik. Hesab edirəm ki, vaksinasiya icbari olmalıdır”.

A.Qeybulla “X xəstəliyi” pandemiyası haqda danışıb:

“Əslində, “X xəstəliyi” qarşıda bizi gözləyən bir virus pandemiyasıdır. Dünya Səhiyyə Təşkilatının insan sağlamlığını təhdid edən 10 xəstəliyindən biri kimi, bizi gözləyən qrip pandemiyası nəzərdə tutulub. Çünki qrip daima mutasiyaya uğrayır və elmi baxımdan proqnozlaşdırılır ki, nə vaxtsa onun “İspan qripi” tipində hansısa çox yoluxucu və təhlükəli mutasiyon forması ortaya çıxacaq ki, bu da pandemiya yaradacaq. Elmi proqnoz belədir. Lakin onun vaxtı dəqiq bilinmir”.

Adil Qeybulla

Həkimin sözlərinə görə, əvvəllər donub qalmış təhlükəli virusların yenidən aktivləşməsi haqqında təhlükə var:

“Bununla bağlı alimlər də mütəmadi olaraq danışırlar. Yer kürəsinin iqlim dəyişməsindən, yəni hərarət pozuntusundan, temperatur tənzimlənməsinin pozulmasından danışılır. Hətta ayrı-ayrı yerlərdə iqlim dəyişimi nəticəsində virusların fəallaşması, o cümlədən Cənuba xas olan virusun Şimala, Şimala xas olan virusun Cənuba doğru transfer edilməsi gözləndir. Bu hal bizi ciddi şəkildə narahat etməlidir.

İnsanlar birinci növbədə elmi proqnozlara etibarlı yanaşmalıdır, vaksinasiya məsələsində tövsiyələrə əməl etməlidir, milli təqvimlə bütün uşaqları vaksinasiya etmək lazımdır. 1 yaşdan 10 yaşa kimi uşaqlar 13 adda vaksinasiya olunmalıdır. COVID-19 pandemiyası göstərdi ki, həm vaksin əleyhinə kifayət qədər intensiv təbliğat gedirdi, həm bu pandemiyanı görməzdən gəlmək meylləri sezilirdi. Bəzən buna tibb işçilərinin də qoşulması çox ciddi narahatlıq və təəssüf doğurur. Bütün bunları nəzərə alıb, elmin proqnozu ilə hərəkət etməliyik”.

Məsələnin iqtisadi tərəflərilə bağlı danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib ki, bu gün bəşəriyyət ikinci pandemiya dalğasının həyəcanını yaşayır.

Onun sözlərinə görə, bu həyəcanı daha çox tətikləyən isə Ümümdünya Səhiyyə Təşkilatının yeni virus dalğasının gələcəyinə dair bir-birinin ardınca etdiyi çağırışlardır:

“Bu qədər mötəbər beynəlxalq təşkilatın çağırışlarına etinasız yanaşmaq mümkün deyil. Yada salaq ki, COVİD 19 pandemiyasının başlanğıcında da beynəlxalq təşkilat yaxasını yırtaraq, bütün dünyanı ayağa qaldırmağa və gələn bəşəri bəlaya hazır olmağa çağırırdı. 2024-cü il yanvarın 15-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda iqtisadi problemlərdən, süni intellektdən, qlobal təhlükəsizlik və iqlim dəyişikliyindən nə qədər danışılsa da, yanvarın 17-də “X xəstəliyinə hazırlıq” adlı panel forumda keçirilən müzakirələr dünya mediasının xüsusi diqqətini cəlb etdi. Bu görüşdə Ümümdünya Səhiyyə Təşkilatının nümayəndələri koronavirus pandemiyasından 20 dəfə çox ölümə səbəb ola biləcək “X xəstəliyi” ilə mübarizənin yollarını müzakirə etdilər”.

İqtisadçı deyib ki, hələlik heç bir “X xəstəliyi” mövcud deyil, lakin böyük ehtimalla o, yaxınlaşır:

Fikrət Yusifov

“Hazırda növbəti beynəlxalq pandemiyaya səbəb ola biləcək naməlum yoluxucu xəstəliklərin mövcudluğu bu ehtimalı daha da artırır. Bəs dünya “X xəstəliyinə” hazırdırmı? Yoxsa bu, COVID-19 miqyasında başqa bir şok olacaq? Əksər tədqiqatçılar bəşəriyyətin COVID-19 pandemiyasını hazırlıqsız qarşılaması ilə razılaşır. Bununla belə, bəşəriyyət bu zərbəyə tab gətirdi və çox şey öyrəndi. Məsələn, indi yeni bir virus gələrsə, dünyanın aparıcı vaksin istehsal edən kampaniyalarının artıq yeni və effektiv peyvəndlərin hazırlanmasını sürətləndirmək təcrübəsi var. Bundan əlavə, müxtəlif ölkələrin səhiyyə nazirlikləri koordinasiya və təcrübə mübadiləsi sahəsində misli görünməmiş təcrübə əldə etdilər. Bütün bunlara baxmayaraq, əgər bəşəriyyət COVİD19-dan dəfələrlə güclü olacaq bir virusla üz-üzə qalarsa, bu, dünya iqtisadiyyatına ciddi təsirsiz ötüşməyəcək”.

F.Yusifov növbəti pandemiyanın iqtisadiyyata göstərəcəyi təsirdən danışıb:

“Yenə də qapanmalar baş verəcək, müəssisələrin fəaliyyətində durğunluq yaranacaq, onlar ciddi maliyyə itkiləri ilə qarşılaşacaqlar və nəticə etibarilə hər bir ölkənin maliyyə yükü artmış olacaq. İqtisadi cəhətdən güclü ölkələr bu qəbildən olan maliyyə yükünü çəkə bilsələr də, zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün bu çox ağır bir zərbə olacaq. Unutmayaq ki, bir çox ölkələrdə, elə Azərbaycanda da COVİD19 pandemiyasının yaratdığı iqtisadi çətinliklərdən bu gün də hələ özünə tam gələ bilməmiş çoxsaylı müəssisələr mövcuddur. Bir sözlə, hökumətlər yeni pandemiya təhlükəsi ilə mübarizəyə dünəndən hazırlaşmağa başlasaydılar, bu, ən doğru addım olardı”.

Zaira Akifqızı
Globalinfo.az