Xanımların sevimli “əzraili” – Onlar bu sevdadan niyə əl çəkmirlər?

 

Son zamanlar əksəriyyət, daha çox da xanımlar qocalmamaq üçün müxtəlif kosmetoloji prosedurlardan keçmək üçün kosmetoloqlara müraciət edirlər. Bunlardan biri də botoksdur ki, ictimaiyyət onun sağlamlığa ziyan vurduğunu iddia edir. 

İnsanların müraciət etdiyi gel və botoksun ziyanı varmı?

Tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla Globalinfo.az-a deyib ki, doğrudan da bu gün orqanların korreksiyası, dəridə qırışların itirilməsi, yəni dərinin yenidən canlandırılması məqsədi ilə müxtəlif maddələrdən istifadə edilir.

Həkimin sözlərinə görə, bunların böyük əksəriyyəti hialuron turşusu və kollagen əsasındadır:

“Bu maddələr normal orqanizmin özündə mövcud olan maddələrdir. Ona görə də əgər bunlar adi dərman kimi hazırlanıbsa, tam ziyansızdır. Gellərə gəldikdə isə onları nativ toxumaya vurmaq olmaz. Yəni dodaq qalınlaşdırma, müxtəlif yerlərdə defektləri aradan qaldırmaq üçün biogellərin vurulması məqsədəuyğun deyil. Çünki onlar orada düyünlənib qalır, sovrulmur, əlavə problemlər yaradır. Ümumiyyətlə, nativ gelin canlı toxumaya vurulması praktikasına dünyada da icazə yoxdur. Amma təəssüf ki, bizim kosmetoloq adını daşıyan müxtəlif şəxslər ya məlumatsız olduqları halda, ya bilməyərəkdən, ya da kiminsə əlindən öyrənərək təcrübəni həyata keçirirlər”.

A.Qeybulla deyib ki, əslində, peşəkar dermatokosmetologiyada bu məsələlər həkimlər tərəfindən bilinir və lazımi qaydada tətbiq olunur:

“Revitalizasiya, liftinq məqsədilə istifadə olunan müxtəlif qatqılar hialuron turşusu əsaslıdır. Ona müxtəlif vitaminlər, digər maddələr də qatıla bilir və dəriyə yerli immuniteti, toxumanı, qan təchizatını yaxşılaşdırmaq üçün istifadə olunur. Bu maddələr dərinin detoksikasiyası, dəridən sərbəst radikalların xaric edilməsi üçün böyük effekt verir. Hesab edirəm, bunların istifadəsində elə də problem yoxdur. Sadəcə, insanların təsəvvürü yanlışdır”.

Adil Qeybullanın dediklərinə görə, botoks əzələni iflic etmək, dərini qaldırmaq və qırışlardan azad etmək məqsədilə istifadə olunur:

“Botokslardan, botulotoksinlərdən uzun müddət istifadə etmək məsləhət deyil. Onun da təyinatı var. Artıq nəinki kosmetalogiyada, hətta nevroloji praktikada, uşaq serebral iflicində və s. istifadə edilir. O baxımdan hər bir maddənin öz təyinatı mövcuddur. Onların bəziləri canlı toxumaya vurula bilər, bəziləri isə vurulmamalıdır. Hazırda qadınların cəmiyyətdə sosial çəkisinin artdığına görə bu cür maddələrə tələbat da artıb”.

Zaira Akifqızı
Globalinfo.az