Bakını hədəf alan təşkilat İrəvanı Qarabağdan “vurdu” – 6 il sonra ilk yaşandı

Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən “Freedom House” təşkilatının son hesabatı İrəvanda ciddi müzakirələrə səbəb olub. Adətən hər hesabatında Azərbaycanı hədəf alan təşkilat, bu dəfə Ermənistanda demokratikləşmə prosesində geriləmə olduğunu bildirib.

Təşkilatın hesabatına görə, 2018-ci ildə baş verən “Məxməri inqilab”dan bu yana ilk dəfədir ki, Ermənistanda demokratiyanın inkişafında tənəzzül yaşanır. Maraqlıdır ki, təşkilat hətta Ermənistan daxilində yürüdülən prosesdə də Azərbaycanı günahlandırır. Bu geriləmənin səbəbi kimi ötən ilin sentyabr ayında Qarabağda antiterror əməliyyatlarının keçirilməsini göstərir. Hesabatda Azərbaycanın keçirdiyi antiterror əməliyyatları “etnik təmizləmə” kimi təqdim olunub.

Hesabatın aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmiləri arasında keçirilən görüşdən sonra yayımlanması isə diqqət çəkib. Bu, Qərbin Baş nazir Nikol Paşinyana qarşı etimadının itməsi ilə bağlı müzakirələrin genişlənməsinə səbəb olub.

Maraqlıdır, Qərb doğurdanmı regionda Rusiyaya qarşı əsas fiquru olan Paşinyandan imtina edir? Təşkilatın son hesabatının məqsədi nədir?

Mövzunu Globalinfo.az-a şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, sözügedən təşkilatın hesabatlarının heç bir əsası yoxdur:

“Freedom House” təşkilatı hər zaman olduğu kimi yenə illik hesabatında Azərbaycana qərəzli münasibətini əks etdirib. Onlar hər il verdikləri hesabatda cüzi nöqtə-vergül dəyişikliyi etməklə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür, bununla özlərini ölkənin demokratik imicinə zərbə vurmuş hesab edirlər. Beləliklə, öz ağalarına xidmət etmiş olurlar. Bu kimi təşkilatlar dövlətlər tərəfindən deyil, kənar mərkəzlərdən maliyyələşirlər. “Amnesty İnternational”, “Human Rights Watch” da bu qəbildən olan təşkilatlardır. Onlar özlərinə verilən sifarişləri icra etmək üçün Azərbaycana qarşı ittihamlar irəli sürürlər”.


Çingiz Qənizadə

Ç.Qənizadə Qərb təşkilatlarının Qarabağdakı separatçıların əməllərini görməzdən gəldiyini bildirib:

“İlk dəfədir ki, Ermənistanda 2018-ci ildən bəri demokratikləşmə prosesinin əngəlləndiyini deyirlər. Hətta bunu da Azərbaycanla, Qarabağda keçirilən antiterror əməliyyatları ilə əlaqələndirirlər. Sanki bu təşkilatın rəhbərlərinin gözləri görmür. Öncədən Qarabağdakı separatçıların hansı silah və sursatlara, ağır texnikalara malik olduqlarını görmürdülər? Hansı ölkə öz ərazisindəki separatçı “rejimin” bu qədər silah-sursatı olmasını, dövlətə meydan oxumasını qəbul edər? Heç kim. Hətta “Freedom House”də çalışan şəxslərin mənsub olduğu dövlətlərdə də buna imkan verməzdilər”.

O, Brüssel görüşündən sonra Qərbdə Paşinyana qarşı münasibətin dəyişdiyinə dair fikirlərə münasibət bildirib:

“Nikol Paşinyanın aprelin 5-də keçirilən görüşdən sonra Qərb üçün əhəmiyyətini itirdiyinə dair fikirlərə qatılmıram. Paşinyan Qərbin sifarişlərini ardıcıllıqla yerinə yetirir. Rusiyaya qarşı çox ciddi müqavimət göstərir. Qərbin də yeganə arzusu Cənubi Qafqazda Ermənistanı Rusiyadan ayırmaqdır. Çünki rusların bu ölkədə hərbi bazaları var, sərhədləri də onlar tərəfindən qorunur. Bir çox sahələrdə Moskvadan asılıdırlar. Beləliklə onu regiondan uzaqlaşdırmaq istəyirlər. Hesab edirəm ki, hazırkı Ermənistanın baş naziri Qərb üçün “layiqli”, onların bütün tapşırıqlarını yerinə yetirən bir siyasətçidir. Lakin onun tutduğu yol erməni xalqının əleyhinədir. Çünki Azərbaycanla sülh müqaviləsinin imzalanmamasında da Qərbin rolu böyükdür”.

Siyasi şərhçi Zeynal Əmrəliyev Globalinfo.az -a açıqlamasında “Freedom House” təşkilatının Qərbin regionu qarışdırmaq üçün bir vasitəsi olduğunu deyib:

“Bu təşkilatın hansı oyunlara əl atdığı, regionda nələr etdiyi məlumdur. Onun Azərbaycana qarşı hesabatları hər zaman qərəzli olub. Heç vaxt obyektiv mövqe sərgiləməyiblər. Təşkilatın Azərbaycanla bağlı əvvəlki illərdə verdiyi hesabatlara diqqət yetirdikdə görürük ki, başdan sona kimi ölkənin qaralanması, hökumətin tənqidi, cəmiyyətə qarşı haqsız mövqe sərgiləməkdə mahirdirlər. Hələ müharibə dövründə də bunun şahidi olduq. “Freedom House”nin reallığı əks etdirmədiyi və ədalətdən uzaq olduğu məlumdur.

Sadəcə təşkilatın dünya üzərində reklamı çox güclüdür. Onlara ciddi maliyyə axını var. Beləliklə, dünya miqyasında fəaliyyətini genişləndirir. Lakin ona heç kim səlahiyyət verməyib ki, demokratiya, insan hüquqları ilə bağlı kəskin mövqe bildirsin və tənqid etsin. Təşkilat Qərblə münasibətlərində problem olan, onların haqsız tələblərinə boyun əyməyən ölkələri qaralayır. Azərbaycanla bağlı mövqeyi konkret budur”.


Zeynal Əmrəliyev

Politoloq bildirib ki, Brüssel görüşündən sonra Qərbdə Nikol Paşinyan hökumətinə qarşı müəyyən dəyişiklik hiss olunur:

“Bu dəyişiklik Ermənistan hökumətinin Qərbə münasibətində də sezilir. Ermənistan rəsmiləri deyirlər ki, Qərbə çox güvənmək olmaz, onların öz maraqları var və bu, müəyyən qədər Ermənistanın maraqları ilə örtüşmür. Böyük ehtimalla Brüssel görüşündə İrəvandan Moskvaya qarşı daha sərt addımlar atmağı tələb ediblər. Nikol Paşinyan isə bu tələbi götür-qoy edib və riskli olduğu qənaətinə gəlib. Rusiyanın Ermənistan daxilində çox böyük dəstəyi var. “Qarabağ klanı”, digər müxalif qüvvələr buna nümunədir. Həmçinin Ermənistan ordusu, kilsə daxilində də Moskvaya bağlı qüvvələr var. Bütün bu amillər Nikol Paşinyanı geri çəkilməyə məcbur edə bilər. Görünür Qərb Paşinyandan istədiyini ala bilmədiyi üçün, onun istədiyini də vermədi. Elə bu səbəblə “Freedom House” kimi təşkilatlar vasitəsi ilə İrəvan hökumətinə qarşı təzyiq göstərə bilər”.

Ayşən Mustafa
Globalinfo.az