Azərbaycanda bayramı qara gətirənlər hərəkətə keçir – Az qaldı…

Hər il olduğu kimi, bu dəfə də bayramın yaxınlaşması ilə əlaqədar olaraq qiymətlərdə artım müşahidə edilir. Əsasən də ərzağın qiymətində bahalıq vətəndaşları narazı salır. Bu vəziyyətdən yararlanan bəzi işbazlar qiymətləri süni şəkildə artırırlar.

Ümumiyyətlə, bazar qiymətləri necə tənzimlənir? Hər il rəsmi qurumlar deyirlər ki, süni qiymət artımına qarşı kəskin tədbirlər görüləcək, amma bu, heç də hər zaman effektiv olmur.

Maraqlıdır, Yeni il bayramı üçün 4 nəfərlik ailəyə nə qədər vəsait lazımdır? Bir ailə neçə manat xərcləməklə bayramı orta səviyyədə qeyd edə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı-hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, normal bazar iqtisadiyyatı olan ölkələrdə qiymətlər təklif və tələbin balansı əsasında tənzimlənir:

“Azərbaycan kimi inhisarçılığın və qeyri-sağlam rəqabətin təsirinin böyük olduğu ölkələrdə inhisarçıların təyin etdiyi qiymətlər bazara təsir edir. Bəzi ölkələrdə ilin sonunda qiymətlər endirilir, çünki bilirlər ki, insanlar həmin vaxtlarda alış-veriş etməyə daha çox meyillidirlər”.

Sosioloq Elçin Bayramlı qeyd edib ki, bayramqabağı baş verən bahalaşma insanların əhvali-ruhiyyəsini məhv edir:

“Bütün dünyada həmin ərəfədə endirimlər olduğu halda ölkəmizdə həmişə əksi müşahidə edilir. Bir ailənin bayram süfrəsi 200 manatdan aşağı başa gəlməyəcək. Bu, minimum əməkhaqqı ilə müqayisədə olduqca böyük rəqəmdir.

Təkcə bayramlar ərəfəsində deyil, ümumiyyətlə, ildən-ilə qiymətlərdə artım müşahidə edilir. Əməkhaqqı və pensiyalar yetərincə artmadığı üçün insanların böyük qismi bayramları zəif keçirirlər. Bayram süfrəsi ilə yanaşı təşkil edilən tamaşa və əyləncə proqramlarının qiymətləri də çox yüksəkdir. Yaxşı olar ki, hökumət bayramqabağı bu kimi halların qarşısını almaq üçün addımlar atsın”.

Safura Bənnayeva
Globalinfo.az