Ermənistanla bağlı bu məsələ Azərbaycanda mübahisə yaratdı

Ermənistanın Azərbaycandan təbii qaz almaq istəməsi xəbəri hər iki ölkənin ictimaiyyətində geniş şəkildə müzakirə edilir. Bir çoxları Ermənistana qaz satışını doğru hesab etməsə də, məsələyə pozitiv baxanlar da var.

Azərbaycan Avropaya da qaz satışı həyata keçirir və bu, ölkəmizə qarşı Qərbin mövqeyini xeyli yumşaldıb.

Maraqlıdır, bu cür addımlar qarşılıqlı münasibətlərə fayda verərmi? Ümumiyyətlə Ermənistana qaz nəqli mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan YAP-çı deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycanın Ermənistana qaz verib-verməməyi rəsmi İrəvanın sərgiləyəcəyi mövqedən asılı olacaq:

Hikmət Babaoğlu

“Əgər Ermənistan qonşuluq münasibətlərinə uyğun davransa, ciddi dövlət kimi hərəkət etsə, üzərinə götürdüyü öhdəlikləri tam qərəzsiz yerinə yetirsə Azərbaycan da öz növbəsində üzərinə düşənləri edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində ümumi Cənubi Qafqaz maraqlarını önə çəkərək hər üç ölkənin maraqlarının qorunması ilə bağlı fikirlər səsləndirdi. Amma təəssüf ki, biz nə Ermənistan hökumət başçısının dilindən bənzər formada açıqlamalar eşidirik, nə də konstruktiv addımların atıldığını görürük.

Ermənistan bu gün Hindistandan, Fransan silahlar alır. Bu zaman sual yaranır: Bu silahlar kimə qarşıdır? Yəni bizə qarşı bir yandan silahlanan bir ölkə ilə əməkdaşlıqdan söhbət belə gedə bilməz. Rəsmi İrəvan yaxın tarixdə bir dəfə torpaqlarımızı işğal edərək regionu militarizə etdi. Bu gün də torpaqlarımızda bir milyondan çox mina basdırılıb. Bu minaların partlaması nəticəsində yüzlərlə insan xəsarət alıb. Buna görə də belə aqressiv qonşu ilə indiki məqamda əməkdaşlıq etmək olmaz”.

Böyük Quruluş Partiyası sədri, deputat Fazil Mustafa isə deyib ki, Ermənistana nəyi verib-verməyəcəyimiz cəmiyyət içi primitiv bir müzakirə mövzusu kimi gündəmə gətirilməməlidir:

Fazil Mustafa

“Heç kim elə-belə, havayı Ermənistana qaz verək deyə fikir səsləndirmir. Müharibə bitib və Ermənistanla qonşu dövlət kimi əlaqələr qurmaqda maraqlı olmalıyıq. Amma hər dəfə “erməniyə qaz verək, verməyək” müzakirəsini açsaq, sülh olmayacaq.

Biz gələcəyə dair situasiyanı formalaşdırmalıyıq. Unutmayaq ki, biz qalib dövlətik. Lakin bundan sonra müharibə riskini azaldacaq addımlar atmalıyıq. Həm də sərhədlərimizin təhlükəsizliyini təmin etmək lazımdır.
Ermənistanla hansısa bir şəkildə qurduğumuz əlaqələr Azərbaycanın ziyanına düşünülmür. Ermənistanı sülhə stimullaşdırmaq və kommunikasiyaları açması üçün müəyyən təkliflər verməyimiz təəccüblə qarşılanmamalıdır.

Azərbaycan hökuməti Ermənistana qaz verəcəksə bunun müqabilində də nə isə alacaq. Siyasətdən məlumatı olan hər kəs bunu yaxşı bilir. Ona görə də mən məsələnin “hə, yox” variantında müzakirə edilməsini düzgün hesab etmirəm. Cəmiyyət pərdəarxası məqamları bilmir. Ona görə də belə bir müzakirə obyektiv olmayacaq”.

AĞ Partiya başqanı Tural Abbaslı qeyd edib ki, Azərbaycan heç bir halda Ermənistana təbii qaz satmamalıdır:

Tural Abbaslı

“Bu qətiyyən yolverilməzdir. Çünki bizim belə bir öhdəliyimiz yoxdur. Ümumiyyətlə müharibə yeni bitib. Ermənistan bizim tarixi torpaqlarımızı hələ də işğalda saxlayıb.

Neft, qaz strateji məhsuldur. İqtisadiyyat üçün çox əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Ermənistanda hələ də ultramilliyyətçi qüvvələr, revanşistlər var, bu ölkəyə qaz satışı necə baş verə bilər? Hesab edirəm dünyaya xoş görünmək üçün ermənilərə belə bir jest etmək lazım deyil”.

Turan Rzayev
Globalinfo.az