Avropa Şurasının hesabatına XİN-dən cavab: 30 illik erməni işğalı niyə “unudulub”?

Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabatı dərc edilib. Hesabatda “etnik təmizləmə” və ya “məcburi köçkünlük” ilə bağlı əsassız iddiaların heçə endirilməsinə, reinteqrasiya məsələsinə Azərbaycanın müsbət mövqeyi vurğulanıb.

Lakin bununla belə sənəddə Ermənistanın başlatdığı və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı ilə nəticələnən münaqişə zamanı torpaqlarından zorla qovulan insanların hüquqları, hazırkı vəziyyəti ilə bağlı reallıqlar öz əksini tapmayıb.

Azərbaycan XİN hesabatla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, komissarın müşahidələrində vurğulandığı kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən son 30 ildə qarşısı alınmış bu səfər Azərbaycanın Qarabağ bölgəsinə insan hüquqları üzrə onilliklər ərzində ilk missiya idi. Eyni zamanda, Azərbaycan hökumətinin dəvəti və razılığı ilə həyata keçirilmiş sözügedən səfər Azərbaycan hökumətinin beynəlxalq insan hüquqları institutlarına münasibətdə şəffaflığını və əməkdaşlığa açıq olmasının göstəricisidir. Bununla belə, hesabatda təhrif olunan reallıqlara XİN etirazını bildirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, təəssüf ki, Avropa Şurası obyektiv mövqeyi tam şəkildə sərgiləyə bilmir:


Səməd Seyidov

“Azərbaycanın yaratdığı reallıqlar o qədər güclü və təsiredicidir ki, heç kim onları inkar də bilmir. Hansısa formada yanaşmalar sərgiləməyə çalışsalar da vaxt keçdikcə mövqeyimiz daha da yüksək səviyyədə qəbul olunur.
Müqayisə üçün deyim ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra verilən bəyanatlardakı müddəalar ilə indiki bəyanatın müddəaları fərqlidir. Bu o demək deyil ki, Qərb bizə qarşı münasibəti dəyişib. Sadəcə onlar reallığı inkar edə bilmir. Buna baxmayaraq yenə də reallıqdan uzaq məsələləri dilə gətirirlər. Hesab edirəm tədricən bunlar da aradan qalxacaq. Avropa Şurası, Avropa Parlamenti kimi təşkilatların bunu tez bir zamanda dərk etməsi, bizdən çox onların özü üçün xeyirlidir. Çünki cənab Prezidentin də son çıxışda qeyd etdiyi kimi, Azərbaycanı qəbul etməyən qüvvələr var və onlar Fransa başda olmaqla çalışırlar ki, bizə qarşı sanksiyalar tətbiq edilsin. Lakin bütün bunlar baş tutmayacaq”.

Politoloq Əli Zülfüqarlı isə deyib ki, Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabatında əslində erməni vandalizminin tamamilə ifşası yer almalı idi:


Əli Zülfüqarlı

“Amma təəssüf ki, yenə də Ermənistanın beynəlxalq cinayətlərinin ört-basdır edilməsinə cəhdlər müşahidə olunur. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında Azərbaycanın mövqeyi əsaslandırılıb. Hesabatda Laçın yolunun qondarma “blokadası”na istinadların yer alması, Azərbaycan-Ermənistan sərhədində sərhəd-keçid məntəqəsinin yaradılmasına səbəb olan faktların göstərilməməsi və digər qərəzli, eyni zamanda birtərəfli yanaşmalar hesabatın obyektiv olmamasını sübut edir. Ermənistan tərəfi uzun zamandır “blokada” terminindən istifadə edərək, “etnik təmizləməyə” məruz qaldıqlarını iddia etməklə, problemi hüquqi müstəviyə daşımağa cəhd edirlər. Amma tamamilə əksinə olaraq, azərbaycanlılar ermənilər tərəfindən etnik təmizləməyə, soyqırımına məruz qalıblar. 30 illik işğal dönəmində azərbaycanlıların evləri dağıdılıb və mülkləri Ermənistana daşınıb. Bütün bunlar və digər cinayət faktları hesabatda tam və obyektiv şəkildə yer almalı idi”.

Turan Rzayev
Globalinfo.az