Afrikada Rusiya-Qərb toqquşması başladı: Kreml məxfi “Qara dosye”nin şifrələrini açır

İyulun 26-da Nigerdə Prezident Qvardiyasının qiyam qaldıraraq ölkə başçısı Məhəmməd Bazumu vəzifədən kənarlaşdırmasının ardınca gözlər bir anda qara qitəyə çevrildi.

Belə ki, Prezident Qvardiyasının komandanı, hərbi çevrilişin rəhbəri general Əbdurəhman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri” elan edib və bütün idarəçilik səlahiyyətlərini əlinə alıb.

Diqqətçəkən əsas məqam isə hərbi çevriliş sonrası hakimiyyətə gələn Hərbi Şuranın rəhbərliyi Fransa ilə hərbi müqavilələri denonsasiya etdiyini açıqlamasıdır.

Nə baş verir?

Əslində Niger üçün hərbi çevriliş heç də qeyri-adi bir hadisə deyil. Belə ki, 3 avqust 1960-cı ildə müstəqilliyini elan edən Nigerdə 1974, 1996, 1999, 2010 və nəhayət, 26 iyul 2023-cü ildə ümumilikdə 5 hərbi çevriliş baş verib.

Niger siyasi baxımdan qeyri-sabit və kasıb bir ölkə olsa da təbii sərvətlər baxımından kifayət qədər zəngindir. Belə ki, ölkə geniş uran yataqlarına sahibdir. Niger dünyada uran istehsalının həcminə görə yeddinci, Afrikada isə ikinci ölkədir.

Əbdurəhman Çiani

Hazırda Avropa ölkələrinin bir çoxu elektrik enerjisini atom elektrik stansiyaları vasitəsilə təmin edir. Bu istiqamətdə bir çox Avropa ölkəsi uranı Nigerdən alır. İndiki məqamda hərbi çevrilişlə hakimiyyəti ələ keçirən Əbdurəhman Çianinin antiqərb mövqeyi sərgiləməsi başda Fransa olmaqla, bir çox Avropa ölkəsini narahat edir.

Parisin təşvişi

Nigerin itkisi Fransa üçün daha ağrılıdır. Bunun bir çox səbəbi var, lakin ən əsası Fransanın urana ehtiyacının olmasıdır. Belə ki, Fransa elektrik enerjisi istehsal etmək üçün istifadə edilən uranı Nigerdən alır. Fransız nüvə texnologiyası şirkəti “Orano” 1970-ci ildən Nigerdə uran hasilatı ilə məşğuldur. 2020-ci ildə Fransa reaktorlarında istifadə olunan uranın təxminən 35%-i Nigerdən gətirilib.

Məhəmməd Bazum 

Paris hazırda özünü soyuqqanlı göstərməyə çalışsa da narahat olduğu hər halından bəllidir. Məsələ ondadır ki, Nigerdə qeyri-sabitliyin olması hər zaman Fransanın maraqlarına uyğun olub. Hətta bundan öncəki 4 hərbi çevrilişin pərdəarxasında Parisin dayandığı bəllidir. Lakin 26 iyuldakı hərbi çevriliş Fransanın özünə qarşı çevrilib. Bunu təsdiq edən bir digər fakt da Nigerdəki çevrilişdən sonra Fransanın bu ölkədən tamamilə geri çəkilməsi, çağırışlarının günbəgün artmasıdır.

Fransanın narahatlığına səbəb olan bir digər məsələ də Nigerdəki hərbi çevrilişdə Rusiyanın payının olması və bu ölkəyə “Vaqner” muzdlularının cəmlənməsidir.

Kremlin məxfi “Qara dosye”si

Nigerdəki hərbi çevriliş ilə bağlı ən diqqətçəkən məqam proseslərin pərdəarxasında Rusiyanın olmasıdır. Belə ki, Nigerin paytaxtı Niameydə ölkənin müstəqilliyinin 63-cü ildönümündə dövlət çevrilişinə dəstək üçün keçirilən nümayişə qatılan minlərlə insan Rusiya bayraqları və Prezident Vladimir Putinin fotolarını qaldırıb. Bundan son günlərlə ardıcıl Rusiyanın hərbi nəqliyyat təyyarələri paytaxt Niameyə eniş edir. Ölkəyə yüzlərlə vaqnerçinin gəldiyinə dair məlumatlar da var.

Nigerin Rusiya ilə yaxınlaşması başda Fransa olmaqla Qərb dövlətlərini çox narahat edir. Belə ki, Fransanın Afrikada itirdiyi ölkələr Rusiya və Çinlə əməkdaşlığa üstünlük verirlər. Xüsusilə Rusiya bu məsələdə daha aktivlik sərgiləyir. Bunu həm də Kremlin Parisə və bütövlükdə Qərbə Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına soxulmaq cəhdlərinə etiraz kimi qiymətləndirmək olar.

Kreml Afrikaya hər zaman xüsusi diqqət ayırıb. SSRİ dövründə qitənin bir çox ölkəsi ilə isti münasibətlər qurulub. Afrika ilə bağlı planlar, atılacaq strateji addımlar və s. qitəyə xitabən “Qara dosye” adlanan məxfi sənəddə toplanıb. Görünən odur ki, Kremlin ən məxfi sənədlərindən hesab edilən “Qara dosye” artıq açılıb və icrasına başlanılıb.

Rusiya başda Niger, Mali və Burkino Faso olmaqla Qərb üçün həyati əhəmiyyət kəsb edən ölkələrə nüfuz edərək öz orbitinə salmaq istəyir. Bununla da təbii qaz, taxılın ardınca Qərb üçün 3-cü strateji məhsul hesab edilən uran ixracın qarşısını almaq istəyir.

Hazırda Fransa Afrikadakı yerdə qalan tərəfdaşlarını Nigerə qarşı sərt mövqe sərgilməyə çağırır. Hətta ehtimal hərbi müdaxilə də mümkündür. Əgər bu baş verərsə ehtimal toqquşmalar da Kremlin maraqlarına uyğundur. Bu, Qərbin bir müddət Ukrayna müharibəsinə diqqətinin azalmasına səbəb olar. Rəsmi Moskva bundan istifadə edib danışıqlar məsələsində təzyiqləri artıra bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı