Yeni qanun hansı partiyanı qanundankənar elan edəcək? – Sədrlər narahat və narazıdır

“Siyasi partiyalar” haqqında Qanun ətrafında müzakirələr səngimir. Xüsusilə qeydiyyat üçün tələb olunan 5 min imza partiyaları narahat edir. Əksər partiya sədrləri deyirlər ki, bu, onlara ciddi problem yaradacaq.

İddialar bu yöndədir ki, 5 min imza tələbini əksər partiya icra etməkdə çətinlik çəkəcək. Bu isə bir neçə partiyanın avtomatik olaraq bağlanmasına gətirib çıxara bilər.

Maraqlıdır, bu tələb dövlətə lazımdır? 20-30 illik partiyaların bağlanması siyasi mühitə necə təsir edər? Nəzərə alsaq ki, Yeni Azərbaycan Partiyasına (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiya YAP-a qoşuldu. Müxalif partiyalar da bənzər formada birləşə bilərmi?

Globalinfo.az-a mövzunu şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, yaxşı və pis qanun olmur, işləyən və ya işləməyən qanunlar olur:

“Bu baxımdan düşünürəm ki, “Siyasi partiyalar” haqında Qanunun pis ya da yaxşı olması onun necə işləməsindən asılı olacaq.

Hökumət lazım olacağı təqdirdə bir nəfər belə üzvü olmayan partiyanı qeydiyyatdan keçirəcək, 10 min üzvü olan partiyanın üzvlərinin sayını yanlış qeyd edib, həmin partiyanı ləğv edəcək. Siyasi partiyalar” haqqında Qanunla bizim siyasi sistem arasında birbaşa əlaqə yoxdur.

Sərdar Cəlaloğlu

O ki, qaldı Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulmasına, o partiyalar hər nə qədər birləşdiyini desə də sonralar yenə də sərbəst şəkildə fəaliyyət göstərdi. Şuşaya səfər edəndə həmin o partiyaların rəhbərlərini gördüm.

Hesab edirəm, müxalifətin birləşməsini zəruri edən başqa səbəblər var. İqtidara birləşənlərin isə səbəbləri başqadır. Müəyyən iş üçün və ya mövqe üçün bəzi partiyalar iqtidara birləşə bilər. Müxalifətə birləşmək üçün isə ölkədə ictimai-siyasi şərait yaranmalıdır”.

AĞ Partiya başqanı Tural Abbaslı isə deyib ki, qanunun məqsədi çoxpartiyalı siyasi sistemi inkişaf etdirmək, siyasi mədəniyyəti formalaşdırmaq, siyasi rəqabətin yaranmasını təmin etmək olmadır:

“Partiyalar siyasi səhnənin aktyorlarıdır. Biz gözləyirdik ki, yeni qanun partiyaların cəmiyyətdə yerini, rolunu artıracaq. Ancaq təəssüf ki, bu qanun dövlətin partiyalara nəzarətini gücləndirməkdən başqa bir işə yaramır.

Onsuz da bir-iki partiyanı çıxmaq şərti ilə əksər partiyalar güc-bəla ilə ayaqda qalırdı. İndi onlara xitam veriləcək. Çünki heç kəsə sirr deyil ki, Azərbaycanda uzun illər atılan repressiv addımlar, siyasi aktivistlərin həbi və s. məsələlər insanların partiyalara marağını azaldıb. Belə məqamda qanunla partiyaların öhdəliklərini artırmaq bir çox partiyanı sıradan çıxaracaq.

Tural Abbaslı

Ağ Partiyanın hazırda üzvlük sayı ilə bağlı bir problemi yoxdur. Partiyamız üzv sayına və aktiv fəaliyyətinə görə ölkənin 3 ən yaxşı partiyasından biridir. Bununla belə, biz siyasi arenanın boşalmasının tərəfdarı deyilik. Əslində bu vəziyyət YAP-a da ziyandır. Çünki rəqabətin olmaması YAP-ın özünü birbaşa zəiflədir.

Partiyaların birləşməsinə gəldikdə isə bizə kimsə belə təklif etməyib. Biz də belə təklif etməmişik. Partiyaların birləşməsi hər şeydən öncə ideoloji cəhətdən çətin bir prosesdir”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin sözlərinə görə, “Siyasi partiyalar” haqqında Qanun hələ layihə kimi təqdim edilərkən ona mənfi rəy veriblər:

“Söhbət təkcə 5000 üzvdən getmir. Həm qeydiyyat, həm də fəaliyyət şərtləri qeyri-adekvat şəkildə ağırlaşdırlıb.

İkincisi, dövlət qeydiyyatı olmayan partiyaların fəaliyyəti qadağan edilib və kriminallaşdırılıb.
Üçüncüsü, bu qanunda bütövlükdə siyasi partiyaların hüquqlarına nəzərən dövlət nəzarəti qeyri-adekvatdır.

Pənah Hüseyn

Say məsələsi ciddi təzyiqdir. Tələbin birdən-birə 1000 nəfərdən 5000 minə qaldırılması doğru deyil. Çünki siyasi rəqabətin olmaması müxalifət partiyalarının üzv cəlb etməsini çətinləşdirir. Bu qanun de-fakto olaraq tək partiyalılığa səbəb olacaq.

Turan Rzayev
Globalinfo.az