Bakı və İrəvan o sistemə qayıtdı – 2018-ci il razılaşması yenidən gündəmdə

Ermənistanın Baş naziri Aparatının mətbuat xidməti “pastinfo” saytının sorğusuna cavabında bildirib ki, Ermənistan Baş nazirinin Aparatı ilə Azərbaycan Prezident Administrasiyası arasında birbaşa əlaqənin qurulması davam edir.

Sayt yazır ki, onları xüsusilə iki ölkə liderləri arasında birbaşa təmasın davam etməsi, sonuncu dəfə bu təmasın nə vaxt və kimin təşəbbüsü ilə olması, hansı məsələlərin müzakirə edildiyi maraqlandırır.

Ermənistan Baş naziri Aparatının mətbuat xidməti saytın sorğusuna cavabında qeyd edib: “İki ölkənin müvafiq strukturları arasında əlaqə davam edir, prosedur və dövrilik göstərilməyib, zərurət yarandıqda birbaşa əlaqə qurulur”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan və Ermənistan dövlət qurumları arasında bu və ya başqa formada əlaqələr var:

“Bu artıq sirr deyil. Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulmasına dair razılıq ilk dəfə 2018-ci ildə iki ölkə başçılarının Düşənbə görüşündə əldə edilib. Hətta Paşinyan görüş sonrası mətbuata verdiyi açıqlamada bildirmişdi ki, birbaşa təmasların qurulmasına dair razılığa gəlinib.

İki ölkə arasında təmasların olmasının bir digər göstəricisi əsirlərin tam geri qaytarılmasına dair razılığın əldə edilməsidir. Bundan başqa, sərhəd komissiyalarının görüşləri və sonuncu Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına dair əldə edilən razılıqla danışıqlar getdiyini göstərir”.

Politoloq qeyd edib ki, hazırda münasibətlər sülh danışıqları kontekstində gərginlik mərhələsini geridə qoyub:

“Misal üçün, Ermənistan COP-29 ilə bağlı namizədliyini Azərbaycanın lehinə geri götürdü. Bu, çox mühüm bir jestdir. Eləcə də iki ölkə arasında danışıqlar masasında sülh sənədi var və artıq bir neçə dəfə sənədə qarşılıqlı şəkildə düzəlişlər edilib.

Nəticə etibarilə bu gün sülh danışıqları davam edir və iki ölkə sülhə heç olmadığı qədər yaxındır. Prosesin belə davam etməsi yaxın müddətdə sülh müqaviləsinin imzalanmasına gətirib çıxara bilər”.

Turan Rzayev
Globalinfo.az