Avropa Ordusu Rusiyanı qorxuya saldı – Yeni gərginlik

Fransa Prezidenti Emmanuel Makron iki gün öncə Parisdə Ukrayna məsələsinin müzakirəsi üçün 20-yə yaxın ölkə liderinin toplantısından sonra mediaya açıqlamasında deyib ki, Ukraynaya Avropa qoşunlarının göndərilməsi istisna deyil.

Belə məqamda Rusiya Fransaya hansı cavabı verəcək?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Fransanın Ukrayna və Rusiyaya qarşı siyasətində ciddi dəyişikliklər var:

“Bu, Rusiyaya qarşı daha kəskin xarakter alıb. Fransa əvvəlki kimi rəsmi Moskvadan çəkinmir, onun maraqlarını müdafiə etmək fikrində deyil. Müharibə başlayanda ABŞ və Böyük Britaniya israrla Rusiyaya müqavimət göstərməyin tərəfdarı idilər. Fransa və Almaniya isə ümumiyyətlə Moskva ilə heç bir halda qarşı-qarşıya gəlmək istəmirdilər. Emmanuel Makron həmin anlarda Ukrayna prezidenti Volodimir Zelenskiyə Parisə qaçmağı məsləhət görürdü. ABŞ uzunmənzilli silahlar vermədikdə belə Makron 152 km yaxınmənzilli silahların verilməsi ilə bağlı qərar vermişdi. Daha sonra Vaşinqtonda Konqresdən Ukraynaya yardım ayırlmadığı halda Avropa İttifaqının Kiyevə böyük dəstək göstərdiyinin şahidi olduq. Makronun çıxışlarında Rusiyaya qarşı daha sərt, kəskin münasibət yer alır. Açıq şəkildə Paris Rusiyanın həyati əhəmiyyətli maraqlarını qoruduğu bölgələrdə Cənubi Qafqazda, Ermənistanda, Ukraynada Moskvaya qarşı çıxışlar edir”.

Politoloqun fikrincə, Fransa Avropa Ordusu yaradaraq Rusiyaya qarşı mübarizə aparmaq kimi düşüncələrə qapılıb:

“Burada maraqlı məqamlar ortaya çıxır. Ya Afrikada və ya başqa bir yerdə Rusiya ilə Fransa maraqları ciddi şəkildə toqquşub, yəni Moskva Parisin həyati əhəmiyyətli maraqları olan ölkəyə girdiyi üçün Fransa əvəzini çıxmağa çalışır, ya da Fransa Rusiyanın çıxarılacağı ərazilərdə daha güclü rola malik olmaq istəyir. Rusiya-Ukrayna müharibəsində Moskva məğlub olarsa, ortada yaranacaq pay bölgüsündən daha çox yararlanmaq istəyir. Digər bir versiya isə Rusiya ilə Fransanın arasında hər hansı razılığın əldə edilməsidir. Belə ki, Makron daha əvvəl də Avropa Ordusu yaratmağa çalışırdı. NATO, xüsusilə də ABŞ buna var gücü ilə müqavimət göstərdilər. Çünki, bu, Alyansa alternativ hərbi gücün yaranması deməkdir”.

Safura Bənnayeva
Globalinfo.az