“Xarici agent” qonşu ölkəni qarışdırdı: “Hakimiyyət dəyişikliyi olacaq”

Gürcüstanda genişmiqyaslı aksiyalar keçirilir. Buna səbəb hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etməsidir. Layihəyə əsasən inzibati orqanlar tərəfindən təsis edilənlərdən və idman təşkilatlarından başqa, xaricdən 20 faizdən artıq maliyyələşən istənilən qeyri-hökumət təşkilatının “xarici agent” elan edilməsi nəzərdə tutulub.

Sözügedən qanun layihəsi hələ 2023-cü ildə təklif edilməsinə baxmayaraq, genişmiqyaslı etirazlar səbəbi ilə geri götürülmüşdü. O zaman “layihənin qəbulunda israr edilərsə, bu, hakimiyyət dəyişikliyinə səbəb olacaq” kimi fikirlər də eşidilirdi. Bir neçə gün əvvəl parlamentdə layihənin yenidən müzakirəyə çıxarıldığı zaman deputatlar arasında da gərginlik olub. Maraqlıdır ki, bütün etirazlara rəğmən baş nazir İrakli Kobixadze bu məsələni Avropa İttifaqı, ABŞ və Böyük Britaniya ilə də müzakirə etdiyini bildirib. Aksiyaçılar isə layihəni “Rusiya qanunu” adlandıraraq etiraz edirlər.

Bəs yenidən parlamentə layihənin qəbulu real görünürmü? Etirazlara rəğmən layihə təsdiqlənərsə, bunun ölkə üçün nəticəsi necə olacaq?

Mövzunu Globalinfo.az -a danışan Gürcüstan Vahid Milli Hərəkat Partiyasının bölgə üzrə siyasi şuranın sədr müavini Rəfi Orucov bildirib ki, qanun layihəsi antidemokratikdir:

“Ölkədə 10 mindən çox qeyri-hökumət təşkilatı, müstəqil media və digər icma toplumunu birləşdirən qurumlar fəaliyyət göstərir. Nəzərə alaq ki, bu qurumlara dövlət tərəfindən heç bir dəstək yoxdur, təşkilatlar ölkədə vətəndaşların rifahı, problemlərinin həlli istiqamətində, maarifləndirmə, təhsil, elm, mədəniyyət, vətəndaş fəallığı və s. sahələrdə çoxsaylı layihələr yazaraq xarici fond və təşkilatlardan qrant müsabiqələrində iştirak edib mühüm işlər görürlər. Bu ölkələr arasında Azərbaycanın da olduğunu xüsusilə vurğulamaq istəyirəm. Eyni zamanda dövlətin özü də ölkədə həyata keçirdiyi layihələrin çox hissəsini xaricdən alınan qrant və yardımlarla edir. Bu, infrastruktur, təhsil, kənd təsərrüfatı və çoxşaxəli sahələri əhatə edir”.


Rəfi Orucov

R.Orucov qeyd edib ki, bu gün Gürcüstan xalqının tək arzusu Avropadır:

“Ölkənin vətəndaşları Avropa Birliyinə qoşulmaq istəyir və bu istiqamətdə illərdir əmək sərf edilir. Bunun üçün ölkədə ciddi islahatlar aparılmalıdır. Demokratiya, söz azadlığı, müstəqil məhkəmə institutunun yaradılması və s. məsələlər təmin edilməlidir. Lakin hazırkı hakimiyyət bu istiqamətdə ciddi səhv addımlar atmaqla Gürcüstanı Avropa kursundan uzaqlaşdırır. Həmin qanun layihəsi də bu addımlardan biridir. Qanun xarici ölkələrdən qrant və ya dəstək alan fiziki və hüquqi şəxsləri nəzarətə almaqla onların fəaliyyətini məhdudlaşdırır. Onlara “casus” damğası vurur. Bu isə gələcəkdə vətəndaşın dövlət imtiyazlarından maksimum istifadə etməsinə maneə yaradır, ictimai qınağa səbəb ola bilər. Halbuki dəstək alan o şəxslər ölkənin inkişafına və tərəqqisinə təkan verəcək işlərlə məşğul olurlar və əsl vətənpərvərdilər.

Eyni məzmunda 2012-ci ildə Rusiyada qanun qəbul edilib. Ona görə də ictimaiyyət bunu “rus qanunu” adlandırır, çünki qanunun bütün maddələri eyniliklə qonşu dövlətdəki kimidir. Məlumdur ki, hakim partiya rusiyayönümlüdür və atdıqları hər addım Rusiyaya xidmət etməkdən başqa bir şey deyil. Rusiya Gürcüstanın torpaqlarını işğal edən ölkədir, vətəndaşlar da qətiyyətlə bu ölkəni qəbul etmir. Ölkə hakimiyyətinə də bu səbəbdən nifrət günü gündən artır”.

Sədr müavini Gürcüstan hakimiyyətinin xalqa verdiyi sözü tutmadığını deyib:

“Ötən il bu qanunun qəbulu üçün təşəbbüs irəli sürüləndə cəmiyyət arasında birmənalı qarşılanmadı. Yüzminlərlə vətəndaş meydana çıxaraq hər gün etiraz etdi. Daha sonra qanunu geri götürən hakimiyyət xalqa söz verdi ki, layihə qəbul edilməyəcək. Lakin hər zaman olduğu kimi, hakim partiya xalqı aldatdı və bu gün yenidən bu mövzu gündəmə gəldi. Avropa və dünya ölkələri də öz növbəsində qanunun demokratiyaya zidd olduğunu deyərək, hakim partiyaya bu qanunu qəbul etməmələrini tövsiyə edirlər. Əks təqdirdə Gürcüstanın Avropa Birliyinə qoşulma şansı olmur, bu isə xalqın iradəsinə, dövlətin gələcəyinə və müstəqilliyinə ciddi şəkildə zərərdir. Hər gün izdihamla keçən xalq mitinqləri bu gün də davam edir. Qanunun müzakirəsi böyük iğtişaş və qarşıdurma ilə müşayiət olunur. Əgər bu qanun qəbul edilsə, ölkədə destabilizasiya olacaq və xalqın daha böyük etirazı ortaya çıxacaq.
Qarşıdan əsas seçkilər gəlir və əminliklə deyə bilərəm ki, bu seçkilərin nəticəsi hazırkı hakimiyyətin sonu olacaq. Hakim partiya yalnız biznes və maddi maraqlarını düşünür, ölkə üzərindən ticarət gedir. Lakin Gürcüstan xalqı buna yol verməyəcək, mübarizəsini sonadək davam edəcəkdir”.

Ayşən Mustafa
Globalinfo.az