Ukrayna müharibəsində Rusiya qalib gəlsə… – Türk respublikalarını bu perspektiv gözləyir

Rusiya-Ukrayna müharibəsi davam etsə də müharibənin sonlarına dair müxtəlif fikirlər səslənir. Misal üçün, müharibənin yekunu postsovet ölkələrinin teleyini həll edəcək deyənlər var. Bəzi iddialara görə isə Putin məğlub edilsə ABŞ-NATO ikilisi Türkiyəni, Azərbaycanı və Mərkəzi Asiyanı qarışdıracaq. Bildirilir ki, buradakı sabitlik və sistemlilik pozulacaq.

Hazırda ABŞ-ın əsas hədəfinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı iqtidardan uzaqlaşdırmaq olduğu deyilir. Qərbin (ABŞ-ın) Azərbaycanla bağlı da qara niyyətinin olduğu istisna edilmir. Əsas hədəflərdən biri isə Mərkəzi Asiyadır. Bəzi iddialara görə, Ərdoğan-Əliyev birliyi bu səbəbdən Türk dünyasını birləşdirmək üçün fəaliyyətə keçib.

Maraqlıdır, bəs Ukrayna müharibəsi Rusiyanın üstün mövqeyi ilə başa çatsa nə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Rusiya-Ukrayna müharibəsi coğrafi mənada Asiyada şişən maraqlara təsirlərini göstərir:

“Asiya regionunda yerləşən və siyasi cəhətdən Avroatlantik məkana inteqrasiya xəttini tutan, lakin Rusiya amilinə görə bir sıra problemlərlə üzləşən ölkələr üçün baş ağrıları çoxalır.
Cənubi Qafqaz, Mərkəzi Asiya uğrundakı mübarizənin uzantıları digər regionlara da sıçrayır və bu sıçrayışların nəticələrini Rusiya-Ukrayna müharibəsinin taleyi müəyyənləşdirəcək. Mərkəzi Asiya üzərinə salınan projektorlar isə regionu işıqlandırmaq əvəzinə, daha da qaranlıqlara doğru itələyir. Mərkəzi Asiyanın beş ölkəsindən üçünün – Qazaxıstan, Türkmənistan və Özbəkistan – zəngin təbii sərvətlərə malik olması mübarizənin dozasını artırır.

Aqşin Kərimov

Qazaxıstan ehtiyatlı mövqedə, Özbəkistan isə öz dəst-xəttində dayanır, Türkmənistan isə Rusiyadan əhəmiyyətli dərəcədə asılılıq dərəcəsinə görə Qərbə meyl edə bilmir.
Postsovet məkanının Mərkəzi Asiya coğrafiyasındakı hibrid müharibə Cənubi Qafqaza sirayət edəcək, çünki bu iki region bir-biri ilə iqtisadi-siyasi bağlara və ortaq tarixi mirasa sahibdir.
Mərkəzi Asiyanın digər iki ölkəsi olan Qırğızıstan və Tacikistan isə Rusiyanın əlinə oynamağa məcburdur, çünki iki dövlətin bir-birilə sərhəd münaqişəsi mövcuddur”.

Ekspert hesab edir ki, regionda güclənən digər aktor Çinin maraqları isə vəziyyəti daha da qəlizləşdirir:

“Türk Dövlətləri Təşkilatı, xüsusilə Azərbaycanla Türkiyə məxsusi çağırışları icra etməlidir. TDT güc balansındakı tərəzini nə Rusiya, nə Çin, nə də Qərbə meylləndirməlidir, eyni zamanda hər üç tərəflə güclü bağlar qurmalıdır. Bu həm müdafiə, həm də gələcək təhdidlərə qarşı hücum strategiyası formasında tərtib edilməlidir.

TDT iqtisadi mərkəz kimi Çini, enerji mərkəzi kimi Rusiyanı, siyasi-hüquqi dəyərlər baxımından isə Avroatlantik şüuru əsas tutmaqla buna nail ola bilər. Eyni anda üç şüura inteqrasiya TDT-nin təhlükəsizlik ölçülərini formalaşdıracaq və riskləri düzgün analiz etmək qabiliyyətini yüksəldəcək. Bu cür yanaşma Rusiya-Ukrayna müharibəsinin istənilən nəticəsində TDT-ni üstün mövqeyə çıxara biləcək hadisələrə rəvac verə bilər”.

Turan Rzayev
Globalinfo.az