“Putin Ərdoğana yox deyə bilməyəcək” – Türkiyə taxıl masasını yenidən toplayır

 

Noyabrın 19-da İstanbulda Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair imzalanan sazişin müddəti başa çatır. Dörd tərəf arasındakı bu saziş iyulun 22-də imzalanıb. Sənədə əsasən, Ukrayna öz taxılını Qara dəniz sahillərindən keçməklə Türkiyəyə yönəldib, buradan dünyanın istənilən məntəqəsinə göndərə bilər.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, taxıl sazişinin şərtinə əsasən üç ay tamamına yaxın müqavilə yenilənməzsə, o, artıq dayandırılır, yenilənərsə, proses davam edir: “Türkiyə və Qərb ölkələrinin də əsas məqsədi odur ki, danışıqların məntiqi nəticəsi olsun və bu proses uzansın, Ukrayna taxılının dünya bazarına çıxarılması baş versin. Doğrudur, Rusiya tərəfi bir sıra bəhanələr gətirdi. Gah taxılın inkişaf etmiş ölkələrə ixrac edildiyini və Afrika ölkələrinə getmədiyini dedi, digər tərəfdən, Ukraynanın taxılı satıb, silah aldığını iddia etdi. Məsələ burasındadır ki, Ukraynanın satdığı taxıla nəzarət həm Türkiyə, həm də BMT tərəfindən aparılır”.

Ekspertin fikrincə, taxıl Qərb ölkələrinə daşınsaydı, bunu Ukraynanın qərb hissələrindən daha rahat həyata keçirmək olardı: “Çünki Ukraynaya həmin ərazidən silah-sursat gələ bilirsə, taxılın ötürülməsi də mümkündür. Yəni bunun praktiki olaraq Qərb ölkələrinə ötürülməsi mümkün deyil. Hətta Afrika ölkələri açıqlama verdi ki, bizim Ukrayna taxılına ehtiyacımız var. Bu proses dayandırılsa, böyük qıtlıq yaranar”.

Politoloq bildirib ki, Türkiyə artıq işə qarışıb və müqavilənin yenilənməsi üçün əlindən gələni edir:

“Hətta bir məlumat da yayıldı ki, Türkiyə artıq bu məsələni həll edib, yəni razılıq əldə olunub və müqavilənin vaxtı uzadılacaq. Hətta ABŞ prezidenti Co Bayden, eyni zamanda BMT rəsmiləri də Türkiyə tərəfinə öz təşəkkürlərini bildirdilər. Görünən odur ki, Türkiyədən asılı olduğu üçün Rusiya onun prosesdə aktiv iştirakından boyun qaçıra blmir”.

Ekespert hesab edir ki, Türkiyə bu məsələni həll edəcək:

“Türkiyə Rusiyanı razılığa gətirib, danışıqlar masasına oturdub taxıl müqaviləsinin zamanını uzada biləcək. Rusiyanın bəhanələri əslində onun dünyaya meydan oxumaq siyasətidir. Nəticə etibarilə, Rusiyanın özü də Türkiyədən asılı bir vəziyyətdədir, çünki Rusiya Türkiyədə böyük bir qaz mərkəzini formalaşdırmağa çalışır ki, qazını Türkiyə üzərindən Avropaya satsın. Ona görə Putin Ərdoğana yox deyə biməyəcək”.

Gülnar Səlimova, Globalinfo.az