Bakı və İrəvandan gözlənilməz addım – Putin özü də təəccübləndi…

Bu gün Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən sülh danışıqları başa çatacaq. Daha sonra Moskvada da bənzər görüşün keçiriləcəyi gözlənilir. Böyük planda götürdükdə 2020-ci ilin 27 sentyabrından bəri Rusiya Azərbaycana Qarabağın işğaldan azad edilməsində ciddi mane törətməyib. Ara-sıra nələrsə baş verdi, amma ümumilikdə Moskva rəsmi Bakıya münasibətdə neqativ mövqe tutmadı. Buna baxmayaraq, “Rusiya Azərbaycan-Türkiyə birliyinə qarşı çıxacaq”, “Putin Qarabağda ermənilərə dəstək verəcək”, “Rus sülhməramlıları Qarabağı işğal etdi” və s. arqumentlərlə çıxış edənlər də olur. Sanki bəzi qüvvələr Rusiya ilə Azərbaycanın münasibətlərinin pisləşməsinə çalışırlar.

Bəs Rusiya Azərbaycanla Ermənistan arasında ABŞ-ın apardığı sülhyaratma missiyasına sona qədər təmkinli yanaşacaqmı? Yoxsa təxribata gedə bilərmi? Bizim Rusiya ilə bağlı narahatlığımız əsaslıdırmı?

Siyasi şərhçi Aqşin Kərimov mövzunu Globalinfo.az-a şərh edərkən bildirib ki, bu, əvvəldən razılaşdırılmış olsa da, Moskvanı sonradan narazı salan bəzi məqamlar var:

“Rusiya danışıqların bu qədər – 4 gün – olacağını gözləmirdi. Hesab edirdi ki, müzakirələrin Vaşinqton raundu texniki xarakter daşıya bilər. Ancaq Dövlət Departamentinin təşkil etdiyi danışıqların bir neçə gün davam etməsi Moskvanı qıcıqlandırdı, artıq Rusiya Qarabağdakı çirkli milyarder Ruben Vardanyana yenidən nəfəs verməyə çalışmaqla etirazını səsləndirir.

Təbii ki, Rusiya Vaşinqtondakı danışıqların gedişatını və əldə ediləcək nəticələri tərəflərdən öyrənməyə çalışır və bununla da gələcək Moskva danışıqları üçün əlini sərtləşdirə biləcək tezisləri indidən fikirləşir. Düşünmək sadəlövhlük olardı ki, yekun sülh sazişində ABŞ-ın üstün mövqeləri daha çox gözə çarpsın”.


Aqşin Kərimov

Politoloqun fikrincə, Vaşinqton danışıqları açıq qalan məsələlərin həlli üçün mühüm mərhələ kimi başa düşülməlidir:

“Vaşinqton Rusiya və Brüssel mərkəzli danışıqlarda razılaşdırılan məqamların ekvivalentində ortaya sənəd qoymağa çalışır ki, bu da hərtərəfli mütləq sülh üçün açardır. Ancaq məsələni irəliyə doğru aparmaq Azərbaycan və Ermənistan danışıqlarının Rusiya raundundakı nəticələrlə düz mütənasiblik təşkil edir.

Bir mərhələ digər mərhələ üçün keçiddir. Bu məntiqlə Rusiya ilə ABŞ sülhün təminində ortaq maraqlar yaratdıqdan sonra Azərbaycanla Ermənistan yekun sənədi imzalayacaq.

Rusiyanın təxribat ehtimallarına gəlincə, artıq Qarabağda sülhməramlılar vasitəsilə provakasiya imkanları minimumlaşıb, mümkündür ki, Kreml sərhəddə düyməyə bassın”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yaxın zamanda Moskvada iki ölkənin xarici işlər nazirlərinin görüş keçirəcəyini və sülh müqaviləsi ilə bağlı ciddi müzakirələrin aparılacağını bildirib.

Ayşən Mustafa
Globalinfo.az