30 illik Qarabağ danışıqlarının ən kritik məqamı bu idi – Putin sirləri açdı

Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında deyib ki, Moskva müharibədən əvvəl Qarabağla bağlı variantını tərəflərə təklif etmişdi.

Sitat:

“O vaxt Ermənistan 7 rayona (keçmiş Dağlıq Qarabağ ətrafındakı rayonlar nəzərdə tutulur – red.) nəzarət edirdi. Biz Ermənistana təklif etdik ki, Bakı ilə razılığa gəlsin, Azərbaycanın iki rayonu – Kəlbəcər və Laçın, bütün Qarabağ faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı.

Biz 10-15 il ərzində Ermənistan rəhbərliyini inandırmağa çalışdıq. Müxtəlif variantlar təklif etdik. Amma sonda hamısı puç oldu. Onlardan soruşduq ki, bəs, nə edəcəksiniz. Cavab verdilər ki, savaşacağıq. Sonda hər şey bügünkü vəziyyətlə nəticələndi”.

Putinin bu açıqlaması Azərbaycanda ciddi müzakirələrə səbəb olub.

Maraqlıdır, bu həll planı nə zaman, hansı prinsip əsasında masaya yatırılıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Orxan Amaşov deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Vladivastokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında dedikləri diqqət çəkir:

Orxan Amaşov

“Əslində onun dedikləri bundan öncə rus rəsmilərinin ayrı-ayrılıqda dedikləri ilə üst-üstə düşür. İndiki məqamda Putinin nə dediyini anlamaq lazımdır.

Putinin dedikləri əslində çox sadədir. Rusiya vaxtilə Ermənistana təklif etmişdi ki, 5+2 prinsipi ilə hərəkət etsin. Lakin rəsmi İrəvan Kremlin bu təklifi ilə razı olmadı. Konstruksiya belə idi ki, Ermənistan 5 ətraf rayonu tərk etməli, iki rayon isə keçmiş DQMV ərazi statusu ilə birləşdirilməli idi.

Ümumiyyətlə qeyd etdiyim 5+2 prinsipi ilə Azərbaycan ilə Ermənistan arasında bu məsələ birmənalı şəkildə anlaşılmırdı. Azərbaycanın mövqeyi belə idi ki, keçmiş DQMV-də keçiriləcək istənilən referendum Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olmalıdır. Ermənistan isə güman edirdi ki, istənilən yekun nəticə keçmiş DQMV-nin müstəqilliyi ilə yekunlaşacaq.

Azərbaycan Qarabağ münaqişəsinin “mərhələli həll”, Ermənistan isə “paket həll” planını dəstəkləyirdi. Hesab edirəm, Putinin dedikləri məhz bu proses ilə bağlıdır.

Yəni o deyir ki, biz Ermənistana vaxtilə “mərhələli həlli” təklif etdik, lakin onlar bunu qəbul etmədi. Daha sonra 44 günlük müharibə baş verdi və regionda reallıqlar dəyişdi, üstünlük isə Azərbaycana keçdi.

Putin indi deyir ki, Ermənistan bizdən imdad tələb etməsin. Çünki İkinci Qarabağ müharibəsindən sonra Rusiya təklif edir ki, Qarabağın taleyi qalsın sonrakı mərhələyə. Tərəflər sərhədlərin delimitasiya, demarkasiyası ilə məşğul olsun, rus sülhməramlıları isə qeyri-müəyyən vaxta qədər keçmiş DQMV-də qalsın.

Lakin müharibənin yekunu ilə Qarabağın statusu tarixə qovuşdu. İki ölkənin ərazi bütövlüyü məsələsi Praqada razılaşdırıldı. Brüsseldə isə tərəflər rəqəmlərlə ərazi bütövlüyünü tanıdı. Putin indi deyir ki, siz Azərbaycanın suverenliyini tanıyaraq yalnışlığa yol verdiniz. Bir halda ki bunu qəbul etdiniz, indi bizdən imdad diləməyin”.

Turan Rzayev
Globalinfo.az