Paşinyan Başkəndi masaya gətirir: Azərbaycan üçün “qırmızı xətt”

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün mətbuat konfransında bildirdi ki, Azərbaycan mediasında adı çəkilən kəndlər Ermənistan ərazisinə daxil deyil. 

Tavuş vilayətinin tərkibində olduğu bildirilən 3 kəndin və Naxçıvanın Kərki kəndinin qaytarılması ilə bağlı isə hökumətdə müzakirə aparılmayıb. Baş nazirin açıqlamaları Ermənistan KİV-də 4 qeyri-anklav kəndin Azərbaycana təhvil verilməsinə hazırlıq kimi dəyərləndirilir. Həmçinin Paşinyan konfransda Ermənistan xəritəsini nümayiş etdirib və ardınca xəritəyə bitişik olmayan, başqa kiçik parça da göstərib.

Bəzi iddialara görə, Nikolun göstərdiyi parça Gədəbəyin Başkənd qəsəbəsidir. Əgər belədirsə, onun Başkənd iddiası sülh danışıqlarını zədələyə, iki ölkə arasında gərginliyi artıra bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Turab Rzayev bildirib ki, Ermənistan Baş nazirinin 4 kənd məsələsinə diqqət çəkməkdə məqsədi başqadır:

“Nikol Paşinyan 4 kənd məsələsini tez-tez gündəmə gətirir. Lakin burada iki məsələ var: bunu etməkdə məqsədi həmin kəndləri Azərbaycana qaytarmamaqdır, yoxsa iddia edildiyi kimi, Bakı həqiqətən də 4 kəndi hərbi yolla qaytarmağa hazırlaşır və baş nazir buna diqqət çəkir? Nikol Paşinyan burada kəndlər məsələsinə erməni cəmiyyətinin reaksiyasını ölçür. Kəndlərin təhvil veriləcəyi təqdirdə, onun hakimiyyətinə qarşı xalqın mövqeyinin necə olacağını öyrənməyə çalışır. Eyni zamanda bu məsələdə Azərbaycanın adı ilə xalqı hədələyir. O cəmiyyətə xatırladır ki, vaxtı ilə erməni cəmiyyəti Qarabağ məsələsində sülhpərvər mövqe tutmadı, buna görə müharibə baş verdi. Yəni həmin kəndlərin israrla Azərbaycana qaytarılmaması Ermənistan üçün baha başa gələ bilər”.

Politoloq qeyd edib ki, əsas problem Qazaxın Tavuş vilayətinin daxilində yerləşən işğal altındakı 3 kəndi və Naxçıvanın 1 kəndinin taleyi ilə bağlıdır:

“Mübahisəli digər 4 kənd isə eksklav deyil, daxili ada şəklindədir. Burada təhlükəsizlik, Azərbaycan sərhədçilərinin oranı nəzarətə götürməsi məsələləri var. Çünki bunun üçün Ermənistan ərazisindən keçmək lazımdır. Qazaxın Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndləri İrəvan üçün strateji nəqliyyat yollarının üzərində yerləşir. Böyük ehtimal onlarla bağlı müzakirə sonrakı mərhələyə saxlanılacaq. Nikol Paşinyanın digər 4 kəndlə bağlı məsələyə toxunmaması da bununla bağlıdır”.

T.Rzayev Paşinyanın Başkənd məsələsini məhz əsas mübahisəli olan kəndlərə görə masaya gətirdiyini deyib:

“Ermənistanın masaya Başkənd məsələsini gətirməsi isə danışıqlarda müəyyən şərtlər qoymaq və Azərbaycana qarşı üstünlük əldə etmək istəyindən irəli gəlir. Paşinyan düşünür ki, bu şərtlə Azərbaycan sözügedən 4 kəndi qaytara, daha ciddi mübahisənin olduğu digər 4 kəndi isə Başkəndlə əvəzləyə bilər. Ya da Bakı ümumiyyətlə Başkəndi güzəştə getməmək üçün digər 4 kənddən əl çəkə bilər. Hesab edirəm ki, Başkəndin xüsusi vurğulanması məhz buna görədir. Amma İrəvanın özünə də həmin şərtlərlə eksklav lazım deyil. Nəticə olaraq Paşinyan burada Azərbaycanla bazarlığa getməyə çalışacaq”.

Ayşən Mustafa
Globalinfo.az