Körpüdəki faciə qorxu yaratdı: təhlükə varmı? – Açıqlama

Xaçmazda 49 illik körpünün uçması geniş müzakirə olunur. Azərbaycanın müxtəlif yerlərində bu cür “qoca” körpülər var. Bakıda da 50-60 ilin körpüləri mövcuddur. Onların bəzilərinin istismar müddəti başa çatıb. “Koroğlu” və “Cavanşir” körpülərinin də bir neçə il öncə qəzalı vəziyyətə düşdükləri deyilirdi. Ümumiyyətlə, körpülərin uçma səbəbi nədir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, hər hansı bir layihə inşa olunarkən orada həm geologiya, həm seysmiklik, həm meliorasiya məsələləri və digər elmi əsaslar nəzərə alınır.

Ekspertin sözlərinə görə, layihə təsdiqlənən zaman onun istismar müddəti normativlərin tələblərinə uyğun təyin olunur:

“Nəzərə alsaq ki, bəzi körpülər sovet dönəmində tikilib, təbii ki, ovaxtkı tələblərə görə nəzarət olunub və qanunlara riayət edilib. Çökmüş körpü də özbaşına tikilməyib. Orada da bütün qaydalar nəzərə alındıqdan sonra inşa olunub. Lakin bu kimi körpülər sovet dönəmində inşa olunduğu üçün yəqin ki, yük maşınlarının istismar olunması ovaxtkı normativlə götürülüb. Misal üçün deyilib ki, “bu körpünün üzərindən 10 tondan artıq yük daşınmayacaq, ayda 200 nəqliyyat vasitəsi keçəçək”. Amma müasir dövrdə yük avtomobillərinin yükqaldırma qabiliyyəti daha yüksək olub. Burada səbəblər müxtəlifdir. Ola bilər, həmin körpüdə yük maşınları daha çox hərəkət edib”.

Elnur Azadov

E.Azadov deyib ki, monitorinq zamanı alt hissə görünmədiyi üçün zamanla qüsurlar əmələ gəlib və nəticədə güclü su axını körpünü yuyub aparıb:

“Biz sadəcə öz versiyamızı səsləndiririk. Bunların hansı səbəbdən baş verməsi yalnız ekspertiza nəticəsində təyin oluna bilər. Fikrimcə körpünün alt hissəsi zamanla yuyulub gedib. Nəticədə də ağırlığa dözməyib çöküb”.

Məsələ ilə bağlı Globalinfo.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, istənilən körpüdə yoxlama işləri aparılır:

“Əgər körpülər yoxlanılmasa, orada hər gün nəsə baş verə bilər. Körpülərin istismar müddəti bitdikcə onun yerinə yenisi inşa olunur. Xaçmazdakı körpünün çökməsi təbii fəlakətlər nəticəsində olub”.

Zaira Akifqızı
Globalinfo.az