Ermənilərdə kirvə varmı? – Xaçaturyanın çıxışı müzakirə yaratdı

Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyan bu gün keçirilən məhkəmə prosesində şahidlərdən birinin onun qardaşı ilə kirvə olduğunu bildirib. Xaçaturyanın bu sözlərindən sonra sosial şəbəkələrdə kirvəlik mövzusu ilə bağlı müzakirələr başlayıb. 

Maraqlıdır, Azərbaycana bu ənənə haradan keçib?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan filologiya elmləri doktoru, professor, yazıçı və şərqşünas Qəzənfər Paşayev deyib ki, kirvəlik adəti ərəb və gürcülərdə də var:

“Kirvəlik əlaqələri dostluqlardan da möhkəm olur. Hətta deyirlər ki, “Kirvə kirvənin damının üstünə çıxmır ki, başına torpaq tökülər”. Düzdür, ermənilərdən kirvə seçdiklərimiz olub. Onlar çox hiyləgər millətdirlər – ticarətdə də, kirvəlikdə də, dostluqda da. Münasibətləri yaxşılaşdırmaq üçün bir çox bölgələrimizdə onları kirvə seçirdik”.

Sosioloq Əhməd Qəşəmoğlu deyib ki, kirvəliyin başqa xalqdan bizə keçməsini deyənlər bu fikri səsləndirməkdə tələsiblər:

“Əvvəla, bu sözün mahiyyətini bilmək lazımdır. Ermənilərdə belə bir adət yoxdur. Onlar bütün bunları bizdən öyrəniblər. Biri var qan bağı olan qohumluq, biri də var kirvəlik. Qohumları özümüz seçmirik, amma kirvəni seçə bilirik. Məsələn, mən şair Vaqif Bayatlının kirvəsiyəm, onlar məni seçiblər. Deməli, insanlar öz doğma bildiklərini kirvə seçirlər. Ermənilər də bizdən öyrənib, bizə kirvə deyiblər və onlarda beləcə yayılıb. Lakin bu proses yəhudilərdə, ərəblərdə də var. Kirvəlik islamla bağlı deyil. Bəzən elə olur ki, kirvəni qohumdan daha yaxın bilirik. Düşünürəm ki, kirvə məsələsinə ciddi yanaşmaq lazımdır”.

Məşədi Dadaş məscidinin imamı Əli Şərbətov isə bildirib ki, islam dinində kirvəlik yoxdur:

“Hansısa bir kitabda, mənbədə kirvəlik haqqında nəsə yazılmayıb. Bu, bizə haradansa gəlmiş ənənədir. Dinimizdə kirvəliyin əsası yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az