“AŞPA-nı girov götürüb, hər kəs ondan qorxur” – Səməd Seyidov Şvabe ilə bağlı detalları açdı

Son günlər almaniyalı deputat Frank Şvabe ilə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov arasındakı gərginlik pik həddə çatıb. Bu söz dueli sosial şəbəkələrdə də müzakirə olunur.

F.Şvabe aprelin 30-da “X” hesabındakı paylaşımda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib. Səməd Seyidov almaniyalı parlamentariyə cavab olaraq “X” hesabında “Məhz bu qorxu təhqirlərə sövq edir. O, yalanları həqiqət kimi qəbul edir. Sözlərində nifrət nə qədər çox olarsa, bir o qədər siyasətçi kimi batacaqsan, həm özünü, həm də AŞPA-nı məhv edəcəksən” yazıb.

Frank Şvabe

Səməd Seyidov Globalinfo.az-a açıqlamasında deyib ki, burada söhbət müstəqil, güclü, separatizmdən azad, öz mövqeyini yüksək səviyyədə təmin edən ölkədən və Prezident İlham Əliyevin Qərb istiqamətində uğurlu siyasətindən gedir:

“Frank Şvabe almaniyalıdır və bu yaxınlarda Prezident İlham Əliyevin Almaniyaya səfəri çox yüksək səviyyədə keçirildi. Gedən müzakirələr ona dəlalət edir ki, artıq Azərbaycana qarşı Qərbdən Şvabe kimilərin təşkil etdiyi cəbhə dağılır. Bu cəbhənin mövcudluğu sual altında qalır.

Ona görə də Şvabe kimilər hər fürsətdən istifadə edib həm Prezident İlham Əliyevə, həm də mənə qarşı siyasi terrordan istifadə edir. Şantaj, hədə-qorxu, təhdid yolu ilə məkrli niyyətlərinə nail olmağa çalışırlar. Bu da onun və ümumiyyətlə bu şantaj, təhdid yolunu tutan siyasətçilərin zəif mövqeyinin olmasından xəbər verir. Şvabe qorxur ki, onun Azərbaycanla bağlı danışdığı yalanlar üzə çıxacaq, siyasi mövqeyini tam şəkildə itirəcək.
Təəssüf ki, o, “ağalıq” edərək AŞPA-nı girov götürüb. Azərbaycandan başqa hər kəs ondan qorxur. Çünki biz müstəqil ölkəyik. Lazım olan sözümüzü deyib, mövqeyimizin üstündə dayanırıq”.

Səməd Seyidovun fikrincə, 110 ölkənin birgə iştirakı ilə təşkil edilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu onlara verilən bir cavab oldu:

“Şvabe kimi siyasətçilər özlərini ifşa edirlər. Nə qədər çox təhqiredici məsələləri gündəmə gətirsələr, elə bir o qədər çox təhqir ediləcəklər. O və xidmət etdiyi dairələr bugünkü Azərbaycanı qəbul etmir”.

Safura Bənnayeva
Globalinfo.az