4 qadın qalmaqalı ilahiyyatçının başına bəla oldu – Özü danışdı

İlahiyyatçı Hacı Təyyar Hüseynlinin bir kişinin dörd xanımla ailə qura bilməsi haqda sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çoxu onu bu sözlərinə görə sərt tənqid ediblər.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Hacı Təyyar Hüseynli elə bir söz demədiyini bildirib.

O, sualın fərqli tərzdə verildiyini deyib:

“Jurnalist sualı başqa formada verdi. Orada mövzu neçə xanımla ailə qurmaq haqda deyildi. Sual islam dininə görə alternativ evliliklə bağlı idi. Mən də detallı olaraq izah edərək dedim ki, heç kim sabah başına gələnləri bilmir. Bəzən elə olur ki, insanlar sevib ailə qururlar, amma problemlər yaranır, zərurətdən kişi başqa xanımla ailə qurmalı olur. Növbəti ailə qurmaqla bağlı dərin mənada aydınlıq gətirmişdim. Təəssüf ki, fikirlərimi başqa istiqamətə yozub müzakirə obyektinə çeviriblər. Nə demək istədiyimi hər kəs yaxşı başa düşür”.

İlahiyyatçı Quran ayəsindən sitat gətirdiyini qeyd edib:

“Quranda belə yazılıb: “əgər siz ədalətli olacaqsınızsa, 1,2,3,4 xanımla, yox, əgər ədalətli ola bilməyəcəksinizsə, bir xanımla kifayətlənin”. Bu, ayədir, mən uydurmamışam. Orada “get dərhal dörd qadınla ailə qur” deyə yazılmayıb. Təsəvvür edin, xanım rəhmətə gedir, övladları da kiçik yaşda anasız qalır. Axı onları düşünmək lazımdır. Mən demirəm, dörd qadınla evlənmək məcburidir. Adam var, heç bir xanımın sosial təminatını ödəyə bilmir, necə gedib əlavə 2-3 qadınla ailə qura bilər?!”

Hacı Təyyar xanımların da ikinci dəfə ailə qura biləcəyini deyib:

“Xanım var ki, 24 yaşında körpə uşaqla dul qalır. Seçimi doğru olacaqsa, niyə də ailə qurmasın? Bu, təbiidir, çünki həyat davam edir”.

Zaira Akifqızı
Globalinfo.az