Üç ölkədən gözlənilməz Azərbaycan qərarı: məşhur “troyka”nın yeni Bakı PLANI

Parisin müzakirə üçün geri çağırdığı səfir Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir. O cümlədən, bir neçə gün öncə Hindistan Xarici İşlər Nazirliyi də Ermənistana silah satışı məsələsinə aydınlıq gətirib.

XİN-in açıqlamasında qeyd olunur ki, Hindistanın həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətləri var. Dehli sadəcə müdafiə ixracını təşviq etmək siyasəti yürüdür. Həmçinin bir müddət öncə vəziyyətin kəskinləşdiyi İranla da son zamanlarda münasibətlərdə ciddi gərginlik müşahidə olunmur.

Maraqlıdır, bu üç ölkənin Azərbaycana qarşı qərəzli mövqeyində yumşalmalar var deyə bilərikmi? Adətən kəskin bəyanatları seçilən İran, Fransa və Hindistanın son addımları necə dəyərləndirilməlidir? Onları dəyişikliyə hansı amillər vadar edir?

Globalinfo.az -a danışan siyasi şərhçi Sahil Kərimli qeyd edib ki, Bakıya qarşı qərəzli münasibəti ilə seçilən üç ölkə yeni reallıqlar qarşısında geri addım atdılar:

“Parisin geri çağırdığı Fransa səfirinin bir neçə gün sonra Azərbaycana qayıtması, Bakıya qarşı qərəzli münasibətinin bir qədər səngiməsi, Hindistan Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı bəyanatı, Tehranla Bakı arasında münasibətlərdə yumşalma deməyə əsas verir ki, bu dairələr Azərbaycanın haqlı, eyni zamanda dövlətçilik maraqlarına əsaslanan qətiyyətli siyasəti qarşısında geri çəkilməyə məcbur oldular. Məlum olduğu kimi Fransa, Hindistan, İran və bəzi şər qüvvələr Azərbaycanın haqlı və ədalətli mövqeyinə qarşı daim qərəzli, bəzən də düşmənçilik siyasəti həyata keçiriblər. Xüsusi ilə Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməsi, regionda hegemonluq etmə istəyi, Ermənistandan alət kimi istifadə edərək Azərbaycana qarşı qərəzli siyasətin yürüdülməsi qəbuledilməz idi”.


Sahil Kərimli

S.Kərimli bildirib ki, Azərbaycan üçün əsas məsələ regionda təhlükəsizlik mühitinin yaradılması, sülhün əldə edilməsidir:

“Görünən odur ki, həmin qüvvələr Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfərindən, ötən ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi və ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək məcburiyyətində qaldılar. Bu qüvvələr regionda Azərbaycanın sülh və dayanıqlı təhlükəsizlik istəklərinin qarşısını almaqda acizdirlər. Bu baxımdan İrəvanla sülh müqaviləsinin imzalanması Bakının əsas hədəflərindəndir.

Bölgədə yeni nəqliyyat kommunikasiyalarının açılması, region ölkələrinin mehriban qonşuluq prinsipləri əsasında iqtisadi əməkdaşlığın genişlənməsi məsələsi Azərbaycan üçün prioritetdir. Bakıya qarşı eyni cəbhədə birləşmiş qüvvələr Fransa, Hindistan, İran, hətta digər bəzi ölkələr anladılar ki, Azərbaycanla elə tərzdə danışmaq qəbuledilməzdir. Bunun heç bir əməli və praktiki nəticəsi olmayacaq”.

Ayşən Mustafa
Globalinfo.az