Bakı və İrəvan kritik danışıqlara doğru – “Müəyyən siqnallar var ki…”

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla Qazaxıstanın Almatı şəhərində görüşəcəyi gözlənilir. Astananın görüşdəki təşəbbüskarlığı böyük güc rəqabətinin gücləndiyi vaxtda Qazaxıstanın Rusiya, ABŞ və Çinlə getdikcə həlledici xarakter alan münasibətləri fonunda baş tutur.

Maraqlıdır, görüşün nəticəsi necə olacaq? Qazaxıstan Ermənistan ilə Azərbaycan arasında sülhün əldə edilməsində hansı missiyanı yerinə yetirə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Azərbaycan və Ermənistan baş diplomatlarının Qazaxıstan görüşü Cənubi Qafqazla Mərkəzi Asiya arasında daha sıx əlaqə yaratmaq baxımından kritik məqama təsadüf edir:

“Görüş baş tutsa, eyni zamanda Qazaxıstanın Bakı-İrəvan münasibətləri üzrə dinamikası Çinin Mərkəzi Asiyada göstərəcəyi şücaəti üçün məqamlara da təkan verə bilər.

Bu baxımdan ki, üç güc mərkəzi arasındakı böyüyən rəqabətin Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan əlaqələri təbii ki, Bakı-İrəvan gündəliyinə də təsirsiz ötüşməyəcək.

Qısası, Azərbaycanla Ermənistan ikitərəfli qaydada danışıqlarda həvəslərini göstərsələr də bunun kənar geosiyasi təsirlərə açıq qalmaq ehtimalı mövcuddur”.

Ekspert deyib ki, Bakı-İrəvan proqramının Almatı səhnəsi ikitərəfli razılıqların çərçivəsini genişləndirməyə imkan verən fürsətləri qiymətləndirir:  

“Bundan əvvəl Ermənistan Qazaxın nəzarətində olan 7 kəndindən 4-nün Azərbaycana qaytarılmasına razılıq vermişdi. Almatı görüşündən sonra isə sülh müqaviləsinin mətninin hazırlanması və delimitasiya mövzusunun paralel formada inkişaf edəcəyini söyləyə bilərik.

Üstəlik, bu görüş Cənubi Qafqazda təhlükəsizlik şəraitini aqressiv şəkildə dəyişməyə çalışanlara qarşı dirəniş nöqtəsi kimi bir nəticə hasil etməlidir.

Azərbaycan buna çalışır, maksimal şəkildə İrəvanı ikitərəfli rejimdə razılıqlara dəvət edir. İrəvanda müəyyən siqnallar müsbətdir, lakin zəmanət tapmaq çətindir ki, Ermənistan gələcəkdə regionu beynəlxalq oyunçuların qarşıdurma sığınacağına çevirmək xəttinə getməyəcək.

Almatı danışıqlarında Azərbaycan tərəfi yüksələn manevr imkanları fonunda Ermənistandan həmin zəmanətləri tələb edə bilər”.

Turan Rzayev
Globalinfo.az