ABŞ Azərbaycanda bu ssenarini reallaşdırmaq istəyib – Sensasion detallar

ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatını açıqlayıb. Hesabatın Azərbaycana həsr olunmuş hissəsi xüsusilə diqqət çəkir. Azərbaycan Qarabağda xristian dini irsini məhv etməkdə və erməni əhalisinin hüquqlarını pozmaqda ittiham olunur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Qarabağda xristian dini irsinin qorunmadığı, erməni əhalisinin hüquqlarının pozulduğu iddia edilir, halbuki işğal dövründə Azərbaycanın dini abidələri tamamilə məhv edilib, məscidlər donuz damına çevrilib:

“Bu faktların dilə gətirilmədiyi halda ermənilərin dini hüquqlarının pozulmasından bəhs olunması hesabata şübhə ilə yanaşmağa əsas verir.

Diqqətçəkən digər bir məqam isə Azərbaycanda İrana bağlı şəbəkəyə qarşı keçirilən əməliyyatların dini etiqad azadlığının pozulması kimi qeyd edilməsidir. Aydın məsələdir ki, ABŞ-ın Azərbaycanda “dini müxalifət” formalaşdırmaq planı var. Siyasi-ideoloji olaraq Qərbə yaxın liberal müxalifətin xüsusilə 2005-ci ildən sonra yüksəlişə keçən “siyasiləşmiş dindarlar”la dərin əməkdaşlığı da bundan qaynaqlanırdı.

Asif Nərimanlı

ABŞ Azərbaycanla planları həm də İranda baş verənlər ilə eynilik təşkil edir. Yəni İranda 1979-cu il İslam inqilabının əsas hədəflərindən biri SSRİ-nin sərhədlərində dini rejimin yaradılması, kommunizmin yayılması önünə səddin çəkilməsi idi. İndi hədəflər dəyişsə də, bu coğrafiyada “siyasi İslamın” dəstəklənməsi ənənəsi davam etdirilir”.

Politoloq Zaur Məmmədovun sözlərinə görə, “dini azadlıqlar” altında Yaxın Şərqdə və əksər müsəlman ölkələrində baş verənlər bir daha göstərir ki, Qərbdəki bəzi dairələrin məqsədi klerikal – dini silahlı qrupları yaratmaq və siyasi sistemdə onların çəkisini artırmaqdır:

“Suriyada, İraqda, Yəməndə, Misirdə, Liviyada, Əfqanıstanda və sair ölkələrdə baş verənlər buna misaldır. Qərbdə yaxşı başa düşürlər ki, islam dünyasında daxili siyasətdə dini çağırışlarla hakimiyyət çevrilişləri etmək və ya siyasi hakimiyyətə təsir etmək daha asandır. Azərbaycanda dini azadlıqlar qorunur, hər kəs sərbəstdir. Bunu uşaqdan-böyüyə kimi hər kəs bilir. Ancaq əgər kimsə din pərdəsi altında İranın, Səudiyyə Ərəbistanının və sair ölkələrin buradakı agentinə çevrilirsə, təbii ki, onlara qarşı tədbirlər görülür.

Zaur Məmmədov

Azərbaycan istər media, istər QHT, istər dini-siyasi sahədə xarici agentlərin ifşasını necə indiyə qədər davam etdirib, bundan sonra da davam etdirəcək və heç bir siyahı bu qərarlara təsir etməyəcək. Azərbaycan hakimiyyətinin torpaqları işğaldan azad etməsi və imperiya qurmaq iddiasında olan regional aktorlara duruş gətirməsinin səbəblərindən biri də ideoloji siyasətin düzgün qurulması və aparılmasıdır. Bu, dövlətin sütunudur və sütuna xələl yetirməyə imkan verilməyəcək, əks təqdirdə, sərhədlərimiz, varlığımız zərbə altında qalar”.

Turan Rzayev
Globalinfo.az